www.science.az
17.10.2017 15:27

Akademik Muxtar İmanov Səmərqənddə keçirilən beynəlxalq simpoziumda dərvişlərlə bağlı inanclardan danışıb

13-14 oktyabr 2017-ci il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Orta əsrlərdə Səmərqənd mədrəseyi-alilərinin İslam mədəniyyəti və təhsil sisteminin inkişafında rolu” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Səmərqənd Dövlət Universitetinin yaradılmasının 90, Uluğ Bəy Mədrəsəsinin yaradılmasının 600 illiyinə həsr olunan simpoziumda ölkəmizi AMEA-nın Folklor İnsti­tutunun direktoru, akademik Muxtar İmanov təmsil edib.

Almaniya, Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən çoxsaylı elm və mədəniyyət xadimlərinin qatıldığı tədbirdə akademik M.İmanov “Dərvişlərlə bağlı inancların iki fərqli istiqaməti” adlı məruzə ilə çıxış edib.

Məruzədə xalq ədəbiyyatında dərvişlərə ikili – müsbət və mənfi münasibətin izahı əksini tapıb. Qeyd olunub ki, nağıl və dastanlarda dərvişlərin həm xeyirxah, həm də bədxah qüvvəni təmsil etdiyinin şahidi oluruq. Real həyatda dərvişlər rəğbətlə qarşılandıqları kimi, təqib və təzyiqlərə də məruz qalıblar. Bu cür ikili münasibətin səbəbi isə dərvişliyin kök etibarilə şamançılığa bağlı olması və onların hərəkətlərində sərbəstliyə can atılması ilə izah edilə bilər. Dərvişlərin xeyirxah və bədxah qütblərinə ayrılması şamanların ağ şaman və qara şaman qütblərinə ayrılması ilə səsləşir. Dərvişlərin göstərdikləri müxtəlif kəramətlər əsasını şaman möcüzələrindən götürür.

M.İmanov, həmçinin simpoziumun bölmə iclaslarından birinə də sədrlik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.