www.science.az
16.10.2017 17:14

"Xaraba Gilan" arxeoloji ekspedisiyasının yekunlarına həsr olunan tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində "Xaraba Gilan" arxeoloji ekspedisiyasının 2017-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində apardığı arxeoloji tədqiqatların nəticələrinə həsr olunan tədbir keçirilib.

Mərasimdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev on ildən artıqdır muxtar respublika ərazisində təşkil edilən arxeoloji ekspedisiyaların səmərəli fəaliyyətindən danışıb, tədqiqatlar zamanı bu diyarın qədim tarixi ilə bağlı mühüm faktların aşkar edildiyini bildirib. O, Ordubad ərazisində fəaliyyət göstərən "Xaraba Gilan" arxeoloji ekspedisiyasının tədqiqatlarını yekunlaşdırdığını diqqətə çatdırıb.

Sonra "Xaraba Gilan" arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli cari ildə ərazidə apardıqları qazıntı işlərinə dair hesabatını təqdim edib. Naxçıvan bölgəsinin arxeoloji abidələrinin zənginliyindən danışan alim Xaraba Gilan və onun ətrafında olan abidələrin Azərbaycan arxeologiyası üçün əhəmiyyətini qeyd edib. O, gələcəkdə bu abidədə tədqiqat işlərinin davam etdiriləcəyini deyib.

B.İbrahimli qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri barədə də ətraflı məlumat verərək, ərazidən tapılan 229 ədəd nümunənin yaxın günlərdə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinə təqdim ediləcəyini bildirib.

Sonda arxeoloq iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.