www.science.az
16.10.2017 12:40

Genetik Ehtiyatlar İnstitutunda regional kurs təşkil olunub

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) “Genetik modifikasiya olunmuş orqanizmlərin identifikasiyası, təyini və laboratoriyaların İSO standartına (17025) uyğun akkreditasiyası” üzrə regional kurs təşkil olunub.

5 gün davam edəcək kursda Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarının Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Milli Elmlər Akademiyası və universitetlərinin alim və mütəxəssisləri iştirak edir.  

Kurs zamanı Genetik Modifikasiya olunmuş Orqanizmlər (GMO) üzrə Avropa ölkələrində yaradılan biotəhlükəsizlik sistemləri, qanunvericilik və GMO-ların molekulyar səviyyədə dəqiq və sürətli təyini üzrə nəzəri mühazirələr oxunulacaq, o cümlədən GMO-nun adi və RealTime PCR vasitəsilə təyini üzrə praktik təcrübələr aparılacaq.

Bundan əlavə, Azərbaycan, Qazaxıstan, Tacikistan və Qırğızıstanda biotəhlükəsizlik üzrə qanunvericiliyin təkmilləşdirilməsi, genetik modifikasiyaya uğramış və ya genomu dəyişdirilmiş orqanizmlər üzrə biotəhlükəsizlik sisteminin yaradılmasına dair müzakirələr aparılacaq. Həmçinin GMO-nun təyini üzrə Avropanın ixtisaslaşmış referens laboratoriyaları ilə əməkdaşlıq və Azərbaycanda fəaliyyət göstərən müvafiq laboratoriyaların yerli və beynəlxalq akkreditasiyadan keçirilməsi məsələlərindən bəhs ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.