www.science.az
16.10.2017 13:00

AMEA-da milli maraqlarımızın qorunmasının aktual problemlərinə dair seminar keçirilib

Oktyabrın 16-da AMEA-nın Əsas binasında Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib.

Tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov müasir dövrdə milli maraq və mənafelərimizin qorunmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu gün Azərbaycan tarixçilərinin əsas məqsədi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır.

Akademik hazırda dünyada təhlükəli qarşıdurmaların yaşandığını və müxtəlif siyasi qüvvələr tərəfindən açıq-aşkar İslamofobiya siyasətinin aparıldığını söyləyib: "Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan dövlət başçımızın təşəbbüsü və himayəsi ilə keçirilən dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında mühüm rol oynayır".

Daha sonra seminarda institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun “Regionda terrorun təzahürləri: onların səbəbləri və başlıca hədəfləri”, şöbə müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun “Müasir dövrdə “islam həmrəyliyi”nin aktual problemləri” və Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin “Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.