www.science.az
16.10.2017 14:58

“Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Ən layiqli alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” mükafat müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Bu gün “Hilton” oteldə keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev açıb. O, qrant layihələrin həyata keçirilməsinin əhəmiyyətindən söz açaraq rəhbərlik etdiyi qurumun 8 ildir ki, bu istiqamətdə məqsədyönlü işlər həyata keçirdiyini bildirib. Qeyd edib ki, gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlərini müsabiqə yolu ilə qiymətləndirmək və mükafatlandırmaq qurumun əsas hədəflərindəndir.

E.Babayevin sözlərinə görə, “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərmiş, yüksək impakt faktorlu, nüfuzlu jurnallarda dərc olunmuş elmi məqalələri olan, elmi işlərinə istinad edilən alimlərin EİF tərəfindən müəyyənləşdirilərək beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır. Bildirib ki, şəffaf və obyektiv şəkildə keçirilmiş müsabiqənin nəticələrinə görə, “2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” nominasiyaları üzrə 12 alim (8 alim “2016-cı ilin alimi”, 4 alim “2016-cı ilin gənc alimi”) qalib elan olunub. Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Müsabiqə nəticəsində fizika, riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 4, tibb, biologiya və aqrar elmləri üzrə 2, humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub. İlin sonunda isə 2018-ci il üçün yeni müsabiqənin elan olunması nəzərdə tutulur.

Sonra AMEA-prezidenti, EİF-in Himayədarlar Şurasının üzvü, akademik Akif Əlizadə çıxış edərək bu müsabiqəni elmin inkişafı, populyarlaşdırılması və gənc alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib. Alim ölkədə gənclərin elmə cəlb olunması, onların birgə fəaliyyəti və dünya elminə töhfələr verməsini təmin etmək üçün məqsədli elmi proqramların təşkil olunmasının vacibliyini vurğulayıb.

Elm sahəsində mövcud olan maliyyə probleminə toxunan AMEA-nın prezidenti gənc alim və tədqiqatçılara beynəlxalq qrant layihələrdə, elm müsabiqələrində fəal olmağı tövsiyyə edib.

Tədbirdə çıxış edən Gənclər və idman naziri Azad Rəhimov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Təhsil nazirinin müavini Mətin Eynullayev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və digərləri alimlərin əməyinin qiymətləndirilməsində bu kimi müsabiqələrin böyük rol oynadığını bildiriblər, EİF-in həyata keçirdiyi qrant layihələri yüksək dəyərləndiriblər.

Sonda müsabiqənin qaliblərinə diplom, medal və pul mükafatları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.