www.science.az
16.10.2017 09:37

Məşhur Rotşildlər nəslinin nümayəndələri Əlyazmalar İnstitutunda olublar

Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verilib.

Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək əlyazmaların elektronlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Daha sonra qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ibri əlifbasındakı əlyazma nüsxəsi, farsca “İncil” və “Musa qoyun otarır” adlı nadir ilüstrasiya ilə tanış olublar.

Görüşün sonunda ibri əlifbasında olan bir sıra əlyazmaların elektron variantları qonaqlara hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.