www.science.az
14.03.2014 00:00

Görkəmli alim, xoşməramlı ziyalı

Elmi özlərinə həyat amalı seçənlər bəşəri dəyərlərin zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Bu insanlar yaşadıqları mühitin hüdudlarına sığmır, hamı tərəfindən sevilir, böyük hörmət və ehtiramla qarşılanır, əsl ziyalı, vətəndaş vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, səriştəli, yüksək intellektli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi, dəst-xətti ilə tanınan əməkdar elm xadimi, akademik Asəf Nadirov məhz belə - xalqına daim hörmət qazandıran, onun şərəfini yüksəklərə qaldıran alimlərimizdəndir. Bütün rahatlığını elmdə tapan, bu illər ərzində yalnız elmi ictimai fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən A.Nadirovun həyatda tutduğu yol - neçə-neçə nəslə elmin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yoludur. O, iqtisadiyyat elmini daim inkişaf etdirən görkəmli alim, əvəzsiz tədqiqatçıdır.

Asəf müəllimin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, yüksək amallara sərf edilmiş həyatından xəbər verir. Böyük alimin soykökünün xoş əks-sədası əsrlərin dərinliyindən eşidilir. Asəf müəllimin atası Abbasqulu Allahverdi oğlu ata tərəfdən Nadir şah nəslinin bir qoluna mənsubdur. Ana tərəfdən isə Şərur mahalının tanınmış insanlarından sayılan Əli xanın nəticəsidir.

Abbasqulu Nadirov sovet hakimiyyətinin ilk dövrlərində bir müddət təhlükəsizlik xidməti orqanlarında çalışmış, sonra isə əsasən partiya sistemində müxtəlif vəzifələrdə işləmişdir. Ötən əsrin 30-cu illərində Şərur rayon partiya komitəsində şöbə müdiri, uzun müddət Şərur və Ordubad Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. Xalq arasında onun müxtəlif sahələrdə gördüyü işlər, adamlarla səmimi münasibətləri və onlara göstərdiyi qayğılar, ümumi iş və ədalət naminə lazım gəldikdə atdığı qətiyyətli və cəsarətli addımları barədə çoxlu xatirələr gəzib dolaşmaqdadır.

Bu ailənin yetirməsi akademik Asəf Nadirovun taleyinə isə alim olmaq, ömrünü elmə həsr etmək yazılmışdı.

A.Nadirov 1929-cu ildə martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1946-cı ildə bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinə (BDU) daxil olmuşdur. Tələbəlik illərində respublikanın tanınmış simaları - Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rəhimov, Mirzə İbrahimov, görkəmli alimlər Yusif Məmmədəliyev, Əhməd Mahmudov və başqaları ilə sıx dostluq münasibətləri olmuşdur. Müəllimləri Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əlövsət Quliyev, Heydər Əfəndiyev, Həsən Dadaşov, Məmməd Emin Salayev, Bəhman Axundov, Hadı Əliyev və başqalarından aldığı biliklər isə Asəf müəllimin fəaliyyətində, xüsusən elmi tədqiqatlara meyilin gücləndirilməsində mühüm rol oynamışdır. O, tələbəlik illərində artıq bir ziyalı kimi yetişmişdi. Respublika miqyaslı müşavirələrdə, toplantı və yığıncaqlarda, elmi konfranslarda söz deyir, çıxışlar edirdi. Onun özünə də, sözünə də hörmət qoyurdular. Bu isə gənc tələbəni sevindirir, gələcəyə, uğurlu elmi fəaliyyətə inamını artırırdı.

A.Nadirov 1951-ci idə ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində işə qəbul olunur. Lakin gənc mütəxəssis burada az müddət çalışdıqdan sonra başa düşür ki, yüksək dövlət orqanında işləmək ürəyincə deyil. Çünki orada çox yeknəsək və yaradıcılıqdan uzaq bir iş mühiti hökm sürürdü. Beləliklə, 1952-ci il dekabrın 1-dən A.Nadirov Elmlər Akademiyasında işə düzəlir, həyatını, fəaliyyətini həmişəlik bu elm məbədinə bağlayır. 63 il AMEA-da fasiləsiz fəaliyyəti, gərgin, səmərəli axtarışları sayəsində elmin çətin, daşlı-kəsəkli yollarında inam və qətiyyətlə irəliləyir, onun zirvəsinə addımbaaddım yüksəlir, tədqiqatçılıq fəaliyyətinin ilk illərindən başlayaraq iqtisadiyyatda mühüm yer tutan problemlərlə yanaşı, onun aktual nəzəri və əməli əhəmiyyət kəsb edən digər sahələri ilə də məşğul olur. O, indi Elmlər Akademiyasını həyatının ən böyük seçimi hesab edir.

 

1952-ci ildə Asəf Nadirov Azərbaycan Elmlər Akademiyasının aspiranturasına qəbul edilir, az sonra SSRİ Elmlər Akademiyasının aspiranturasına göndərilir. Dünya şöhrətli alimlərin çalışdığı bu elm ocağında Asəf Nadirov böyük məktəb keçir və 1956-cı ildə vaxtından əvvəl Moskvada namizədlik dissertasiyasını müdafiə edir. Cəmi iki ildən sonra - 1958-ci ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun ən böyük şöbəsinə müdir təyin olunur. İqtisadiyyat İnstitutunun təşəkkülündə və inkişafında böyük xidmətləri olan və 25 il bu elm ocağına rəhbərlik edən görkəmli alim akademik Əhməd Mahmudovun vaxtında - 1964-cü ildə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilir. 1968-ci ildə “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffqiyyətlə müdafiə edir, 1970-ci ildə isə AAK tərəfindən professor elmi dərəcəsinə layiq görülür. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilir.

Görkəmli alim A.Nadirov 1981-ci ildən akademiya sistemində rəhbər vəzifələrdə işləməyə başlayır. Əvvəlcə AMEA-nın Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi seçilir. 2000-ci ildən akademiyanın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışır, 2007-ci ildən bu günədək AMEA-nın müşaviri kimi fəaliyyətini davam etdirir. Bundan başqa, 2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.

Bütün bunlar Asəf Nadirovun elmin çətin yollarında irəliləyərkən qazandığı uğurlar müqabilində əldə etdiyi elmi dərəcə və vəzifələrin qısa xronologiyasıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, görkəmli alim “Şöhrət” (2004) və “Şərəf” (2009) ordenlərinə layiq görülüb, onlarca kitabın, çoxsaylı monoqrafiya, dərslik, 800-dək məqalənin müəllifidir. Əsərləri Türkiyədə, Rusiyada, MDB ölkələrində, Almaniya, Fransa, Hindistan, Yunanıstan və digər dövlətlərdə nəşr olunub. Akademik Asəf Nadirovun rəhbərliyi altında 7 elmlər doktoru, 70-dən artıq namizədlik dissertasiyası müdafiə edilib. Bu gün görkəmli alimin zəngin elmi məktəbi, iqtisadiyyatın bütün sahələri üzrə güclü yetirmələri mövcuddur. Alim istər SSRİ dövründə, istərsə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra saysız-hesabsız diplomlar, fəxri fərmanlar, təşəkkürnamələr və s. alıb. Həm dövlət, həm də mötəbər elmi təşkilatlar, xarici ölkələrin elmi cəmiyyətləri tərəfindən verilmiş bu yüksək qiyməti Asəf müəllim öz dərin düşüncə və axtarışları, gəldiyi uğurlu nəticələr, halal zəhməti və nüfuzu ilə qazanıb. Bir sözlə, Asəf Nadirov öz qabiliyyəti, yüksək potensialı ilə elmdə zirvələr fəth edib.

Görkəmli alimin apardığı tədqiqatlar həmişə öz dərinliyi və əhəmiyyəti ilə diqqəti cəlb etmişdir. Bir faktı qeyd edək ki, ötən əsrin 50-ci illərindən başlayaraq respublikada sənayenin inkişafının iqtisadi səmərəliliyinin müəyyən olunması, əmək ehtiyatlarından hərtərəfli və faydalı istifadə edilməsi, xalq təsərrüfatının aparıcı istehsal komplekslərinin intensivləşdirilməsi və digər istiqamətlərdə çox maraqlı və həyatda öz tətbiqini tapan tədqiqatlar aparılırdı. Keçən əsrin 70-80-ci illərində bu sahədə daha böyük nailiyyətlər əldə edildi. İqtisadçı alimlərin, onların ilk sıralarında isə Asəf Nadirovun da hörmət və nüfuzu artdı. O, respublikanın iqtisadi inkişafı ilə əlaqədar yüksək səviyyəli müzakirələrə dəvət alan, irəli sürdüyü mülahizələri və fikirləri məmnunluqla qəbul edilən, gələcək inkişaf yollarının müəyyənləşdirilməsində, dövlət planlarının elmi əsaslar üzərində tərtibində yaxından iştirak edən alimlərin ön cərgəsinə keçdi. Akademik xatırlayır ki, ümumiyyətlə, keçən əsrin ikinci yarısından sonra tədricən ehkamçılıq buxovlarından xilas olmağa başlayan bütün ictimai və humanitar elmlər kimi iqtisadiyyat elmi də nəzəriyyədə və zəruri təsərrüfat məsələlərinin həllində böyük uğurlar qazanmağa başladı.

Həmin dövrdə alimin əsərləri Azərbaycan iqtisadiyyatının inkişafının aktual problemlərinə və xüsusilə də məhsuldar qüvvələrin yerləşdirilməsi, şəhərlərin və regionların inkişafı, sənaye qovşaqları və ərazi-istehsal komplekslərinin səmərəli şəkildə formalaşdırılması, ərazi planlaşdırma və iqtisadi rayonlaşdırma, sənayenin inkişafı və düzgün yerləşdirilməsi kimi respublikamız üçün həmişə aktuallıq kəsb edən problemlərə həsr olunmuşdur. Məhz bu istiqamətdə respublikada ilkin olaraq apardığı tədqiqatlar A.Nadirovu keçmiş SSRİ-də və onun hüdudlarından kənarda görkəmli iqtisadçı alimlərdən və elmin təşkilatçılarından biri, regional iqtisadiyyatın tədqiqi sahəsində Azərbaycan məktəbinin banisi kimi tanıtdırmışdır.

Asəf Nadirov hələ Moskva şəhərində, aspirant olduğu vaxtlarda, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına dair nəşr etdirdiyi məqalələri ilə özünün regional iqtisadiyyat üzrə bacarıqlı tədqiqatçı olduğunu sübut etmişdir. Namizədlik dissertasiyasının müdafiəsindən sonrakı ilk illərdə o, Moskva alimləri ilə birlikdə bir sıra məqalələr nəşr etdirmiş və həmin vaxtdan keçmiş ittifaqda məşhurlaşmağa başlamışdır.

Məlumdur ki, ötən əsrin 50-ci illərinin ikinci yarısından başlayaraq respublikanın yerli imkanları və onun çoxcəhətli tələbatı şəraitində Azərbaycan iqtisadiyyatında vəziyyət ürəkaçan deyildi. Sənayenin ümumi inkişaf səviyyəsi zəif, burada istehsalın bir çox sahələri mövcud təsərrüfat sistemində ya heç təmsil olunmur, ya da olduqca aşağı həddə idi. Ona görə də ilk dövrlər alim tədqiqatlarında Azərbaycan sənayesinin son dərəcə birtərəfli inkişafını üzə çıxararaq göstərirdi ki, bunun səbəbi regionun əsasən xammalın ilkin emalı ilə təmsil olunmasından, əmək ehtiyatları sürətlə artan respublikada bu istehsalın, eyni zamanda, əməktutumluluğun xeyli aşağı həddə çatmasından, regionlarda iqtisadiyyatın bu başlıca sahəsinə diqqətin zəifliyindən irəli gəlirdi. Həmin dövrdə gənc tədqiqatçının SSRİ EA-nın İqtisad İnstitutunda görkəmli alimlərin iştirakı ilə keçirilən simpoziuma dəvət edilməsi və onun məruzəsinin yüksək qiymətləndirilməsi, həmçinin məruzədə irəli sürülən bir çox müddəalar, xüsusən respublikadaxili iqtisadi rayonlarda məhsuldar qüvvələrin inkişafı məsələsi sonralar əksər müttəfiq respublikalarda iqtisadiyyatın bu istiqaməti üzrə elmi tədqiqatların əsas mövzusunu təşkil etmişdir. Bir faktı da qeyd edək ki, həmin forumda məruzələrin az bir hissəsi, o cümlədən A.Nadirovun məruzəsi çox qısa müddətdə Moskvada kitab şəklində çap olunmuşdur. Respublikanın iqtisadi ədəbiyyatında onun ilk dəfə 1965 və 1966-cı illərdə nəşr edilmiş “Azərbaycan şəhərlərinin iqtisadi inkişaf məsələləri” (rus dilində) adlı fundamental əsəri elm ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.

Akademikin tədqiqatlarında yerli sərvətlər və respublikanın tələbatına uyğun tam istehsal dövriyyəli qara metallurgiya, alüminium sənayesi kompleksinin, maşınqayırmanın, yüngül, yeyinti və s. sahələrin inkişafı hesabına ölkə sənayesinin quruluşunun təkmilləşdirilməsi məqsədilə xeyli tövsiyələr işlənib hazırlanmışdı. Həmin tövsiyələrin əsasında keçirilən müşavirələrdə bu elmi nəticələr yüksək dəyərləndirilmişdir. A.Nadirov Azərbaycanda həmçinin kənd təsərrüfatının imkanlarından səmərəli şəkildə istifadə etməklə emal sənayesinin inkişafını da dəfələrlə artırmağın mümkünlüyünü tədqiqatlarında isbat etmişdir. Bu baxımdan yeyinti sənayesinin gələcək 20 illik inkişafını nəzərdə tutan elmi-tədqiqat işi A.Nadirovun rəhbərliyi altında uğurla başa çatdırılmış və onun nəticələri əsasında SSRİ EA-nın qərarı ilə Bakıda ümumittifaq elmi sessiya keçirilmişdir. O zaman bu tədbir keçmiş Sovetlər İttifaqı məkanında geniş əks-səda doğurmuşdur. Bir faktı da qeyd edək ki, sovetlər dövründə alimin tədqiqatlarından alınan nəticələr, irəli sürülən elmi təkliflər bütünlüklə həyata keçirilməsə də, onlar müstəqillik illərində tədricən gerçəkləşdirilməyə başlanmışdır.

Akademik A.Nadirov hələ özünün ilk tədqiqatlarında ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii imkanların, əhalinin böyük istehsal təcrübəsi və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırmışdır. O, Azərbaycanda qənd istehsalının yaradılması ideyasını da ilk dəfə irəli sürmüş və onun heyvandarlığın yem bazasının möhkəmləndirilməsi sahəsində də mühüm rol oynaya biləcəyini göstərmişdir. 1963-cü ildə kollektiv monoqrafiya kimi nəşr edilən “Azərbaycanın yeyinti sənayesi” adlı əsər həmin dövrdə iqtisad elmində mühüm nailiyyət kimi qeyd edilmişdir. Sonrakı illərdə bu monoqrafiyanın materiallarından Azərbaycanda yeyinti sənayesinin inkişaf proqnozları işlənib hazırlanarkən istifadə olunmuşdur.

Azərbaycanın son dərəcə müxtəlif təbii şəraitində kənd təsərrüfatı sahələrinin inkişaf imkanlarının xeyli fərqli olan ərazilərdə düzgün yerləşdirilməsi və ixtisaslaşdırılması məsələləri də alimin tədqiqatlarında əhəmiyyətli yer tutmuşdur. Onun fikrincə, kənd təsərrüfatının məhsuldarlığını və ümumi səviyyəsini artırmaq üçün ilk növbədə hər bir sahəni onun inkişafına münasib olan ərazilərdə yerləşdirmək və cəmləşdirmək lazımdır. Ancaq bu halda həyata keçirilən aqrozootexniki tədbirlər öz müsbət nəticələrini verə bilər, istehsal mədəniyyəti xeyli yüksələr. Hələ keçən əsrdə akademik öz tədqiqatlarında dəfələrlə isbat etmişdir ki, zəngin inkişaf imkanları olan respublikada heç zaman tükənməyən kurort - təsərrüfat kompleksi onun iqtisadiyyatının mühüm və əbədi istiqamətlərindən biri olmalıdır. Müstəqillik dövründə bu sahənin inkişafında əldə edilən böyük nailiyyətlər bunun əyani sübutudur.

Asəf Nadirovun araşdırmalarında respublika regionlarının inkişafı məsələsi həmişə diqqət mərkəzində olmuşdur. O, ilk dəfə keçən əsrin 50-ci illərinin yarısında müəyyən etmişdir ki, iqtisadiyyatın birtərəfli inkişafı nəticəsində məhsuldar qüvvələrin, xüsusən sənayenin inkişafı uzun müddət regionlar arasında böyük fərqlər yaratmışdır. Alim apardığı tədqiqatlarda belə bir iqtisadi durumun yolverilməz mənzərəsini müəyyən etmişdir ki, çar Rusiyası zamanı XX əsrin əvvəllərində Azərbaycan ərazisinin cəmi 2,5 faizini tutan və əhalisinin 16 faizini əhatə edən Bakı şəhəri onun ümumi sənaye məhsulunun 95 faizə qədərini verirdi. Ərazinin qalan 77 faizindən çoxunun və əhalinin 74 faizini özündə birləşdirən regionların payına isə ümumi sənaye məhsulunun yalnız 5 faizi düşürdü. Sovet imperiyası dövründə bu vəziyyət köklü şəkildə dəyişmədi. 1950-ci illərin ortalarında Bakı şəhəri Azərbaycan sənayesinin 90 faizə qədərini təşkil etməyə başladı. Tədqiqatlar göstərirdi ki, ancaq XX əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı nəticəsində fərqlər xeyli azalsa da, bu problemin axıra qədər həlli mümkün olmamışdır. Müstəqillik dövründə keçmişdən Azərbaycana miras qalmış inkişafın bu ərazi nisbətindəki uyğunsuzluğun aradan qaldırılması məqsədilə bu gün böyük tədbirlər həyata keçirilir. Ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafının artıq üçüncü Dövlət Proqramı təsdiq edilmiş, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sayəsində qeyri-neft sektorunun inkişafı və şaxələnməsi üçün zəruri infrastruktur sahələrinin müasir tələblər səviyyəsində yaradılması əsas götürülmüşdür. Artıq tələb olunan səviyyədə regionlarda müxtəlif istehsal sahələrinin inkişafı üçün yaradılmış münbit biznes mühiti nəticəsində respublikanın bütün ərazisində qeyri-neft sektorunun artımı baş verir. Regionlarda məhsuldar qüvvələrin inkişafı ilə bağlı həyata keçirilən bu böyük işin əhəmiyyətini yüksək qiymətləndirən A.Nadirov bu sahədə həyata keçirilən tədbirlərin səmərəsini yüksəltmək və ərazi hissələri arasında lazımi iqtisadi tarazlığı təmin etmək məqsədilə güclü mədəni iqtisadi mərkəzlərin təşəkkülünü vacib sayırdı. Akdemikin fikrincə, Avropanın inkişaf etmiş ölkələrində regionların tarazlı sosial-iqtisadi mühitinin yaranmasında məhz belə mərkəzlərin təşəkkülü zəruridir. Asəf Nadirov hələ 1976-cı ildə nəşr etdirdiyi “Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri” adlı irihəcmli monoqrafiyasında sənaye sahələrinin iqtisadi təyinatına görə inkişaf səviyyəsinin müəyyən edilməsi üsulunu nəzəri metodoloji istiqamətdə tədqiq etmiş, iqtisadi rayonlarda bu sahənin gələcək inkişafı üçün həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edən bir sıra mühüm müddəa və fikirlər irəli sürmüşdür. Bu kitab o zaman elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş və SSRİ EA-nın hesabatına daxil edilmişdir. 

Ötən əsrin 90-cı illərində A.Nadirovun elmi-tədqiqat fəaliyyəti daha da genişlənmiş və çoxcəhətli olmuşdur. Bu illərdə onun yaradıcılığının əsas istiqamətini müstəqillik qazanmış Azərbaycan Respublikasının bazar münasibətlərinə keçməsi xüsusiyyətləri və mərhələləri, iqtisadi müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi ilə əlaqədar vacib məsələlər təşkil etmişdir. O, Azərbaycan iqtisadiyyatının düşdüyü dərin böhranın təhlilinə, onun səbəbləri və xarakterinin açılmasına özünün bir sıra əsərlərində xüsusi diqqət yetirmişdir.

Son illərdə görkəmli alimin apardığı elmi-tədqiqat işlərində və dövri mətbuatda çap olunmuş elmi əsərlərində Azərbaycanın gələcək iqtisadi inkişafına bir baxış, dünya iqtisadiyyatına inteqrasiya, bu istiqamətdə neft kontraktlarının mahiyyətinin və əhəmiyyətinin açılması, iqtisadiyyatın gələcək inkişaf yollarının müəyyənləşdirilməsi, iqtisadi islahatlar sahəsində qabaqcıl ölkələrin təcrübəsinin təhlili və yayılması kimi aktual məsələlər mühüm yer tutur.

Akademik A.Nadirov hər zaman respublikada gedən iqtisadi prosesləri dərindən duyur, ölkə iqtisadiyyatının səmərəli inkişafı baxımından iqtisad elmi qarşısında qoyulan problemləri vaxtında dərk edir və onların həlli yollarını öz əsərlərində kifayət qədər aydın şəkildə göstərə bilir.

Asəf Nadirov görkəmli tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələndirməyi bacaran pedaqoqdur. O, 40 ilə yaxın müddətdə Bakı Dövlət Universitetində müxtəlif iqtisadi fənlərdən mühazirələr oxuyub. Hazırda ali məktəblər üçün bir sıra dərsliklərin yazılmasında müvafiq bölmələrin müəllifi kimi iştirak edir və elmi redaktoru olur. 

Görkəmli alimin bütün həyatı öz xalqının gözü qarşısında keçib və bu gün də belədir. Dərin bilik və böyük nüfuza malik alimin sadə, təvazökar, ətrafındakı insanlarla mehriban münasibəti, xoş ünsiyyəti ona daim hörmət qazandırıb. Asəf Nadirov Vətəni üçün yaşamaqda və yaraqmaqda davam edir. Akademik onu tanıyanlara bir zəhmətsevərlik, Vətən təəssübkeşliyi, seçdiyi sənətə və tutduğu yola sadiqlik nümünəsi göstərərək yaşayır. 

Akif Əlizadə, AMEA-nın prezidenti, akademik

Ziyad Səmədzadə, akademik

"Azərbaycan" qəzeti, 14 mart 2014-cü il