Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Hətəm Quliyev Ukraynada beynəlxalq konfransda iştirak edib
11.10.2017 11:50
  • A-
  • A
  • A+

Akademik Hətəm Quliyev Ukraynada beynəlxalq konfransda iştirak edib

AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) S.İ. Subbotin adına Geofizika İnstitutunda təşkil olunan “Geoloji mühitin və zondlayıcı sitemlərinin aktual problemləri” mövzusunda III beynəlxalq konfransda iştirak edib. O, tədbirin plenar icalsında "İzotrop mühitlərdə elastiki dalğaların yayılmasına yüksək və ifrat yüksək təzyiqlərin təsiri" mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin çıxışı konfrans iştirakçılarının marağına səbəb olub və məruzənin tam mətni beynəlxalq "Geofiziçeskiy Jurnal"ında çapa tövsiyyə olunub.

Konfransda Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Polşa, Çexiya, Rusiya, Belarus, Bolqarıstan və Türkiyə alimlərinin ümumilikdə 65 məruzəsi dinlənilib.

Daha sonra H.Quliyev UMEA-nın Geofizika İnstitutunun direktoru, akademik V.İ. Starostenko, elmi işlər üzrə direktor müavini, UMEA-nın müxbir üzvü A.V. Kendzera, professor V.Kobolev, geologiya elmləri doktoru T.Buraxoviç, “Cənub-Neftqazgeologiya” şirkətinin direktoru N.Loyko və Ukrayna Geoloqlar İttifaqının prezidenti P.Zaqorodnyukla görüşüb.

Görüşdə AMEA-nın Geologiya və Geofizika İnstitutunda alınmış elmi nəticələr, birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Avropa alimlərinin, aparıcı elmi-texnoloji müəssisələrin iştirakı ilə hazırda elm və texnologiya sahəsində geniş istifadə olunan yeni əməkdaşlıq formasının - habın yaradılması təklifi irəli sürülüb. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, belə bir beynəlxalq hab “Tutkovskiy” adı ilə Ukraynada yaradılıb və burada S.İ.Subbotin adına Geofizika İnstitutu da iştirak edir.

Sonda UMEA-nın Geofizika İnstitutu tərəfindən çap edilmiş, professor V.Şumanın xatirəsinə həsr olunan "Seçilmiş əsərlər" kitabı H.Quliyevə hədiyyə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: