www.science.az
06.10.2017 17:55

AMEA-nın sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunan toplantı keçirilib

Oktyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasətinin vəzifələri və prioritetlərinə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Akademiyanın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, fəlsəfə və elmlər doktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq elmi işçilərin, elm nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə görülən işlərdən danışıb: “Sosial problemlər hər gün diqqətimizdədir, bunun üçün bütün səylərimizi səfərbər etmişik. AMEA əməkdaşlarının istirahəti, sağlamlığı,  maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu istiqamətlərdə yeni-yeni addımlar atılıb, bir sıra problemlər öz həllini tapıb”. Həyata keçirilən bütün bu layihələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu deyən akademik Akif Əlizadə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzillə təmin olunması məqsədilə evlərin inşası üçün respublikanın aidiyyatı rəhbər orqanları ilə danışıqların davam etdirildiyini vurğulayıb.

Sonra Akademiyanın sosial siyasətinin əsas prioritetləri üzrə həyata keçirilən tədbirlərdən söz açan AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Akademiyada reallaşdırılan bu layihələrin alimlərin stimullaşdırılması istiqamətində mühüm addımlardan olduğunu vurğulayıb. Qeyd edib ki, AMEA İşlər İdarəsi və AMEA Azad Həmkarlar İttifaqı tərəfindən Şamaxı Astrofizika Rəsədxanasının ərazisində yerləşən kottec və digər yaşayış sahələrində istirahət təşkil edilib. Bundan əlavə, Mərdəkan qəsəbəsi və Xızı rayonu Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahələrində əməkdaşların yay istirahəti üçün istifadəsi istiqamətində işlər aparılıb, lazımi şərait yaradılaraq əməkdaşların istifadəsinə verilib.

Tədbirdə Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasında elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyən Habil Qurbanov dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrətinin onun elmi potensialı ilə bilavasitə bağlılıq təşkil etdiyini vurğulayıb. O, xüsusilə gənc alim və mütəxəssislərin sosial-iqtisadi vəziyyəti ilə bağlı ötən beş il ərzində xeyli işlər görüldüyünü, institut rəhbərləri ilə həmkarlar təşkilatları arasında sıx əməkdaşlıqların qurulduğunu, mədəni-kütləvi və idman tədbirlərinin təşkil edildiyini qeyd edib.

Daha sonra tədbirlə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Malik Əliyev, Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, həmçinin mənzil alanlardan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı mütəxəssisi Hasil Bağırov, Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov və institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov çıxış ediblər.

Tədbirin sonunda AMEA-nın bir qrup əməkdaşına verilmiş evlərin sənəd və açarları təqdim olunub. Akademik Akif Əlizadə AMEA RH-nin mənzil komissiyasının qərarı ilə bu gün evlə təmin olunmuş hər bir akademiya əməkdaşını təbrik edib, onlara yeni mənzillərində can sağlığı, uğurlar arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.