Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib
06.10.2017 12:51
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib

Oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində Prezident İlham Əliyevin tapşırığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.

Dövlət və hökumət rəsmilərinin, dilçi alimlərin və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov açıb. Bildirib ki, milli dövlətçiliyin yaranması və inkişafında dil mühüm tarixi rol oynayır. Ona görə də dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan dilinin dövlətimizin əsas atributlarından biri olduğunu vurğulayan professor Əli Həsənov deyib ki, dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir.

Prezidentin köməkçisi Azərbaycan dilinin özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçdiyini qeyd edib. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən professor Əli Həsənov bildirib ki, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması olub. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilib, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda, 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Ümummilli lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qüvvəyə minməsi oldu. 

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini vurğulayan Əli Həsənov diqqətə çatdırıb ki, dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb.

Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncamın imzalandığını bildirən professor Ə.Həsənov  qeyd edib ki, sənəddə bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və digər məsələlər də sərəncamda xüsusi qeyd olunur.

Prezidentin köməkçisi qeyd edib ki, media məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı, bu sahədə mövcud problemlərə dair fikirlər səsləndirilməlidir. O, aparılanmüzakirələrin yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovNəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məruzələrlə çıxış ediblər.

Konfrans işini mövzu ilə bağlı müzakirələrlə davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: