Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.10.2017 15:50
  • A-
  • A
  • A+

AMEA-da ilkin tibbi yardım və psixoloji dəstək mövzusunda seminar-məşğələ keçirilib

AMEA-da ilkin tibbi yardım və psixoloji dəstək mövzusunda seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) MM Qoşunlarının Mülki Müdafiə İdarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri üçün seminar-məşğələ keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə şöbə rəisi Eldar Quliyev çıxış edərək son illərdə Mülki Müdafiə qərargah rəislərinin maarifləndirilməsi istiqamətində bir sıra addımların atıldığını və onlar üçün FHN-in mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini söyləyib. E.Quliyev bir çox insanların ekstremal vəziyyətlə üzləşən zaman davranış qaydalarını bilmədiyini və qorxuya qapılaraq təşvişə düşdüyünü söyləyib. Şöbə rəisi belə hallarda ilkin tibbi yardımla yanaşı, psixoloji davranış qaydalarının da önəmli olduğunu vurğulayıb.

Sonra FHN-in MM Qoşunlarının Tibb Xidmətinin rəisi, polkovnik Elçin Əligülov "Fövqəladə hallar zamanı zərərçəkənlərə ilkin tibbi yardım və psixoloji dəstək" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, fövqəladə hadisə zamanı vaxtında və düzgün göstərilmiş ilk yardım çoxlarının həyatını xilas edə bilər. E.Əligülov bildirib ki, ilk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək, mümkün təhlükələrdən qorunmaq lazımdır.

Xidmət rəisi fövqəladə hadisələr zamanı psixoloji hazırlığın səviyyəsinin böyük əhəmiyyət daşıdığını bildirib, idarə, təşkilat və müəssisələrdə çalışan insanların psixoloji yüklənmələrə qarşı dözümlülüyünün artırılması, qarşılıqlı yardım və fəaliyyətinin təşkilinin önəminə toxunub.

Tədbirdə FHN-in Tibbi və Psixoloji yardım şöbəsinin rəisi, mayor Xanım Sofiyeva çıxış edərək bildirib ki, böhranlı vəziyyətə düşən insanlar adətən psixoloji və emosional gərginliyə məruz qalır. Qeyd edib ki, buna səbəb baş verən hadisənin gözlənilməz olması, fəlakətin mümkün nəticələrinin və xarakterinin bilinməməsi, davranış qaydaları barədə vərdişlər və təcrübənin azlığı, həmçinin zəif mənəvi-psixoloji hazırlıqdır. 

X.Sofiyeva fəlakətlərin neqativ təsirlərini zəiflətmək üçün insanlarda psixoloji möhkəmlik, özünənəzarət, böhranlı şəraitdə hislərə qapılmadan düşünmə xüsusiyyətlərinin yaradılmasının vacib olduğunu bildirib.

Seminarda, həmçinin Rəhbər Heyətin sentyabr ayında keçirilən MM məşqləri haqqında qərargah rəislərinin çıxışları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: