www.science.az
04.10.2017 13:00

Bakıda keçiriləcək beynəlxalq konfransda dayanıqlı inkişaf məqsədlərinin inteqrasiyasında elmin rolundan bəhs olunacaq

24-25 noyabr 2017-ci il tarixlərində Bakıda “Dünyamızın transformasiyası: Dayanıqlı inkişaf məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans BMT-nin Qlobal Saziş Layihəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və "Azərsu"ASC-nin təşkilatı dəstəyi ilə baş tutacq.

Bu məqsədlə AMEA-nın Fəlsəfə İnstitutunda konfransın təşkilat komitəsinin iclası keçirilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək Azərbaycanın güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlət olduğunu bildirib. Qeyd edib ki, son illərdə bu məqsədlə bir sıra dövlət proqramları qəbul edilib və uğurla icra olunub.

Sözügedən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin dünyada ölkəmizə verilən dəyər olduğunu söyləyən H.Qurbanov konfransda fundamental  davamlı inkişaf üçün innovasiya və texnologiyanın  rolu, elm və təhsil, Davamlı İnkişaf Məqsədlərində informasiya kommunikasiya texnologiyalarının  rolu və digər mövzularda müzakirələrin aparılacağını söyləyib.

Tədbirdə konfransın təşkilat komitəsinin sədri Xəyalə Məmmədova çıxış edərək BMT-nin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri layihəsinin qəbul edildiyi bildirib. O, davamlı inkişafın əsas məqsədinin yoxsulluğun aradan qaldırılmasını, planetin qorunmasını təmin etmək üçün həyata keçirilən universal çağırış olduğunu söyləyib. Qeyd edib ki, bu layihə iqlim dəyişikliyi, iqtisadi  bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti əhatə edən 17 hədəfdən ibarətdir.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nümayəndəsi Elnur İbrahimov, "Azərsu" ASC-nin rəsmisi Talehə İsmayılova və digərləri çıxış edərək ərzaq təhlükəsizliyi, təmiz su, iqlim dəyişikliyi problemləri üzrə ölkəmizdə aparılan islahatlardan danışıblar. 

Sonda konfransın rəsmi www.ijhsdr.com saytının təqdimatı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.