Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2017 15:19
  • A-
  • A
  • A+

Bakıya vurğun rus şairi Sergey Yeseninə həsr olunan tədbir keçirilib

Bakıya vurğun rus şairi Sergey Yeseninə həsr olunan tədbir keçirilib

Oktyabrın 3-də AMEA Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 122-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirildi.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları, ictimai təşkilatların nümayəndələri, orta məktəb şagirdləri və jurnalistlər iştirak edirdilər.

Tədbirdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından söhbət açdı. S.Yeseninin təkrarolunmaz, bütün dünyaya məxsus şair olduğunu söyləyən N.İbadova onun əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə olunduğunu, məqalələrinin Azərbaycan nəşrlərində bu günədək dərc edildiyini xatırlatdı. Bildirdi ki, görkəmli şair Bakının Mərdəkan qəsəbəsində cəmi 70 gün qalmışdır. Bu qısa müddətə baxmayaraq, Azərbaycan xalqı ona daim hörmətlə yanaşmış və şairin yaşadığı evi muzey etmişdir.

"Yeseninin Bakıya olan sevgisi ədibin yaradıcılığında öz əksini tapmışdır" - deyən muzeyin əməkdaşı onun Azərbaycanda yazdığı  "İran nəğmələri", “Əlvida Bakı”, “Balaxanı mayı” və digər əsərlərinin şairin poeziyasının ən qiymətli inciləri olduğunu bildirdi. 

Sonra Azərbaycan-Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış edərək Sergey Yeseninin Rusiya və Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusi qeyd etdi, şairin yaradıcılığının Bakı dövrü haqqında danışdı. Bildirdi ki, Yesenin əllidən çox şeirini və iki poemasını məhz Bakıda yazmışdır. V.Denisov hər il oktyabrın 3-də Yeseninin doğum gününün Azərbaycanda qeyd edilməsini yüksək dəyərləndirdi.

Tədbirdə Xəzər Universitetinin prorektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev, publisist Reyhan Mirzəzadə və başqaları çıxış edərək şairin keçdiyi çətin və keşməkeşli yoldan danışdılar, onun sadə dildə yazılmış şeirlərinin hər nəsildən olan insanların zövqünə uyğun olduğunu söylədilər. 

Tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edildi, sözlərinə bəstələnən mahnılar ifa olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: