Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2017 09:54
  • A-
  • A
  • A+

Filologiya Problemləri üzrə Elmi Şuranın cari ildəki 7-ci iclası keçirilib

Filologiya Problemləri üzrə Elmi Şuranın cari ildəki 7-ci iclası keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının cari ildəki 7-ci iclası keçirilib.

İclasda 5-i elmlər doktorluğu, 30-u isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 35 dissertasiya mövzusu müzakirə olunub.

Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş Sumqayıt Dövlət Universitetinin doktorantı Sevinc Həmzəyevanın “Şərq və Qərb ədəbiyyatında demonizm problemi”, AMEA Gəncə Bölməsinin qiyabi doktorantı Ruziyyə Quliyevanın “Azərbaycan məsnəvilərində süjetdənkənar müqəddimə və haşiyələr” mövzularının adları olduğu kimi təsdiq edilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Bahar Məmmədovanın “Müstəqillik dövrü Azərbaycan şeiri və müasir gerçəklik” mövzusu isə “Müstəqillik dövrü Azərbaycan şeirində gerçəkliyin əksi” şəklində təsdiq edilib. AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanovun “Heydər Əliyev və nitq mədəniyyəti” mövzusu yeni olmadığı üçün problemi mərkəzdə ulu öndərin bu sahədəki fəaliyyətləri olmaqla daha geniş müstəvidə götürmək, buna uyğun şəkildə də sərlövhəni formalaşdırmaq iddiaçıya tövsiyə olunaraq təsdiq edilməyib. Həmçinin Naxçıvan Dövlət Universitetinin doktorantı Elbrus Vəliyevin “XIV-XVI əsrlər Azərbaycan ədəbi dilində söz yaradıcılığı” mövzusu iddiaçının ərəb və fars dillərini, hətta ərəb əlifbasına yetərincə bələd olmaması səbəbindən təsdiq olunmayıb.

İclasda fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “Azərbaycan dilində keyfiyyət funksional semantik sahə kimi”, “İngilis dilində təzad və oksimoronun praqmatikası”, “Azərbaycan folklorşünaslığında folklor atlası problemi (Ağcabədi folkloru əsasında)”, “Müasir alman dilində formal sual cümlələrinin funksional-semantik təhlili”, “Təhsil diskursunda ingilis dili vasitəsi ilə qloballaşma”, “XX yüzilin 20-30-cu illərində Azərbaycan ədəbiyyatı tarixçiliyinin formalaşması problemləri”, “XX əsr Türkiyə ədəbiyyatında Azərbaycan mövzusu”, “Bədii dildə rənglərin leksik-semantik xüsusiyyətləri”, “Ərəb məhcər poeziyasının İlya Əbu Madi mərhələsi”, “XX əsrin əvvəlləri Azərbaycan uşaq ədəbiyyatı və folklor”, “Əli bəy Hüseynzadə irsinin biblioqrafik tədqiqi” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

Beləliklə, iclasda 8-nin adından dəyişiklik edilməklə 18 mövzu təsdiq edilib, 17 mövzu isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları Aida Qasımova, Atamoğlan Həsənov, Azadə Musayeva, Fəxrəddin Veysəlli, Qəzənfər Kazımov, Nadir Məmmədli, Qulu Məhərrəmli, Rəhilə Qeybullayeva, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: