www.science.az
02.10.2017 10:10

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edib

27-29 sentyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının Stavropol şəhərində “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar keçirilib.

Tədbirin əvvəlində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub.

Forumda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya İxrac Mərkəzinin baş direktoru, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Mixail Fradkov və başqaları tədbirin Moskva ilə Bakı arasında strateji əməkdaşlığın inkişafında mühüm rol oynayacağına, ikitərəfli əməkdaşlıq potensialını səmərəli həyata keçirməyə kömək edəcəyinə əminliklərini ifadə ediblər.

İclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov da iştirak edib. Alim forumda“Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığı: reallıq və perspektivlər”mövzusunda məruzəsini təqdim edib.

Tədbirin sonunda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.