Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.09.2017 10:34
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada kolumbiyalı yazıçı Konrado Zuluaqanın mühazirəsi dinlənilib

Mərkəzi Elmi Kitabxanada kolumbiyalı yazıçı Konrado Zuluaqanın mühazirəsi dinlənilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun (MEK) və Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə məşhur kolumbiyalı yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr olunan "Yüz illik tənhalıq adlı möcüzə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, dövlət qurumları, özəl sektor və müxtəlif media orqanlarının əməkdaşları iştirak ediblər.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev tədbiri açaraq, ədəbiyyatın xalqlar arasındakı sevgini, birliyi, doğmalığı, qardaşlığı daha aydın və rahat büruzə verən nəcib bir körpü olduğunu bildirib. Kolumbiya-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdiyini deyən M.Əliyev bu cür tədbirlərin ölkələrimizin ədəbi mühitinin yaxınlaşmasında, ədəbiyyatları arasında mübadilələrin aparılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Alim ispandilli ədəbiyyatın ən güclü nümayəndələrindən biri olan Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” əsərinin mistik realizmin şedevri sayıldığını və bu əsərin yazıçının Nobel mükafatına layiq görülməsində böyük rol oynadığını deyib. O, Markesin öz əsərləri sayəsində Latın Amerikasının ruhunu bütün dünyaya tanıtdırdığını, maraqlı şəxsiyyəti ilə milyonlarla insanın hafizəsində iz buraxdığını deyib.

Sonra Kolumbiyanın Azərbaycandakı səfiri Marta İnes Galindo Pena çıxış edərək konfransın keçirilməsinin önəmindən və ədəbiyyatın bəşəriyyət üçün dəyərindən danışıb.

Daha sonra kolumbiyalı yazıçı, professor Konrado Zuluaqanın “Yüz illik tənhalıq adlı möcüzə” mövzusunda mühazirəsi dinlənilib. O, Markes yaradıcılığının şah əsəri hesab olunan “Yüz ilin tənhalığı” romanının məziyyətlərindən söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: