www.science.az
27.09.2017 17:30

AMEA-da kolumbiyalı yazıçı Konrado Zuluaqa ilə görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın müstəqillik qazandıqdan sonra digər ölkələrlə elmi əlaqələrinin gücləndiyini və inkişaf etdiyini söyləyib. Akademik bu gün baş tutan görüşün gələcəkdə iki ölkə arasında elmi əlaqələrin formalaşmasına təkan verəcəyini diqqətə çatdırıb.

İ.Həbibbəyli Kolumbiyanın əfsanəvi yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu və xüsusilə "Yüz ilin tənhalığı" romanının oxucular tərəfindən sevildiyini söyləyib. Akademik Markesin əsasını qoyduğu "magik realizm" cərəyanına Azərbaycan ədəbiyyatında Y.V.Çəmənzəminli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı kimi yazıçıların əsərlərində rast gəlindiyini və bu oxşarlığın iki ölkə ədəbiyyatını müqayisə etməyə imkan verdiyini söyləyib.

Kolumbiya oxucusu tərəfindən yalnız "Əli və Nino" romanının tanındığını deyən akademik Azərbaycan ədəbiyyatının incilərinin tərcümə olunaraq bu ölkədə yayılmasına ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə K.Zuluaqa çıxış edərək qonaqpərvərliyə görə təşəkkür edib və gələcəkdə hər iki ölkə arasında elmi əlaqələrin güclənməsində Markes yaradıcılığının qırılmaz körpü olacağını bildirib. Alim Q.Markes ilə şəxsi tanışlığının tarixçəsindən, onunla keçirdiyi yaradıcılıq görüşlərindən danışıb. 

Sonra institutun əməkdaşı, f.ü.f.d. Cavidan Məmmədova "Q.Q.Markesin əsərlərinin Azərbaycanda tərcüməsi və tədqiqi" adlı məruzə ilə çıxış edib.

Sonda qonağa Ədəbiyyat İnstitutunun nəşrləri hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.