www.science.az
27.09.2017 09:19

Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Sentyabrın 26-da Misir Milli Kitabxanasının və Arxivinin müdiri Əhməd Seyid Məhəmməd Şövki və bu ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Əvvəlcə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, burada aparılan elmi araşdırmalar barədə qonaqlara məlumat verib.

Azərbaycan-Misir əlaqələrinin əhəmiyyətini qeyd edən akademik T.Kərimli Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Əhməd Seyid Məhəmməd Şövki Misir Milli Kitabxanasında Azərbaycanla bağlı əlyazmaların da olduğunu deyib. Qonaq Misir Milli Kitabxanası ilə Əlyazmalar İnstitutunun əlaqələrinin uğurlu olacağına əminliyini bildirib.

Daha sonra misirli qonaqlar 1500 səhifəlik əlyazma surətinin elektron variantını Əlyazmalar İnstitutuna hədiyyə ediblər.

Sonda əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi T.Kərimli və Ə.Şövki imzalayıblar.

Müqavilədə mütəxəssis mübadiləsi, birgə elmi məcmuələrin nəşri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə üçün imkanların yaradılması və digər məsələlər nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.