Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Tofiq Alxazovun 85 yaşı tamam olur
26.09.2017 09:10
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tofiq Alxazovun 85 yaşı tamam olur

Sentyabr ayının 27-də Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazovun 85 yaşı tamam olur.

Alxazov Tofiq Həsən oğlu 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olub. 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirib.

1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri, 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti, 1970-1998-ci illərdə həmin kafedranın müdiri, 1970-1978-ci illərdə isə ADNA-da elmi işlər üzrə prorektor vəzifələrində çalışıb.

T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizdir. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanıb və sənaye miqyasında tətbiq edilib.

Onun rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi və zərərsizləşdirilməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə birmərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşmələri prosesləri işlənib hazırlanıb.

Alimin rəhbərliyi ilə aparılan elmi tədqiqatların nəticələri respublikanın Yeni Bakı Neftayırma və Sumqayıt Sintetik Kauçuk zavodlarında, həmçinin Rusiyanın Nijni Novqorod, Almetyevskiy, Redkino və Saratov şəhərlərinin zavodlarında sənaye qurğularında həyata keçirilib.

T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 4 elmlər doktoru hazırlanıb.

Elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Alimin rəhbərliyi ilə aparılan elmi işlərin nəticələri Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına layiq görülüb.

O, Azərbaycan elmini dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda ləyaqətlə təmsil edib. 

Görkəmli kimyaçı alimi 85 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: