www.science.az
22.09.2017 17:18

AMEA-nın Yüksək Texnologiyalar Parkına 4 rezident qəbul olunub

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 22 sentyabr tarixli iclasında dörd hüquqi şəxs AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) rezidenti statusunu alıb.

İclasda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə xatırladıb ki, “YT Park”ın rezidenti statusunu almaq üçün iddialı olan AMEA-nın Təcrübə-Sənaye Zavodu, “Millers oils Azerbaijan” MMC, “Elm və Texnologiya Parkı” MMC və “Agro Bio Eco Tech” MMC-nin rəhbərlərinin təqdimatlarına baxılaraq Ekspertlər Şurasının son iclasında gizli səsvermə keçirilib. Bildirilib ki, səsvermənin  nəticələrinə uyğun olaraq iddialı hüquqi şəxslərin “YT Park”ın rezidenti olmaları barədə müvafiq rəy verilib.

İclasda “YT Park”ın rezidenti kimi qeydiyyata alınan qurumlar haqqında məlumat verilib. Qeyd olunub ki, rezidentliyə qəbul edilən AMEA-nın Təcrübə-Sənaye Zavodu müasir tələblərə cavab verən 70-ə yaxın müxtəlif çeşiddə yağ istehsal edir. 1974-cü ildə yaradılan zavod ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. Zavodun əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqə yaratmaq, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji prosesləri mənimsəməkdir. Zavodda dünya standartlarına cavab verən sürtkü materiallarının istehsalına imkan verən qurğular və müasir laboratoriya – pilot kompleksi yaradılıb. Burada istehsal olunan məhsullar daxili və xarici bazar üçün nəzərdə tutulur. Öz brendi ilə tanınan zavod tibbi məqsədlərlə Naftalan yağları da istehsal edir.

Rezidentliyə qəbul edilən “Millers oils Azerbaijan” MMC-nin təsisçilərindən olan “Millers Oils” Birləşmiş Krallığın 130 illik tarixə malik nüfuzlu şirkətidir. AMEA ilə sıx əməkdaşlıq edən “Millers Oils” şirkəti dünyada tanınan premium klass mühərrik yağlarının istehsalı ilə məşğuldur. “Millers Oils” şirkətinin ölkəmizdə “Millers oils Azerbaijan” MMC-ni təsis etməkdə əsas məqsədi dünya standartlarına cavab verən neft məhsullarının istehsalını genişləndirməkdir. Bu sahədə ölkənin təlabatını qarşılamaq, həmçinin Azərbaycan vasitəsilə Şərq, Orta Asiya bazarında istehsal etdikləri mühərrik yağlarını tanıtmaq da şirkətin əsas hədəflərindəndir.

“Elm və Texnologiya Parkı” MMC elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazlarının istehsalı ilə məşğul olur. Şirkətin istehsal etdiyi dronlar Akademiyanın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması üçün istifadə edilir. Fəaliyyətində yüksək texnologiyaların ən son elementləri olan MMC-nin əsas məqsədi innovativ məhsulların, yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi istiqamətində tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılmasıdır.

Digər rezident olan “Agro Bio Eco Tech” MMC artıq 25 ildir Azərbaycanın kənd təsərrüffatı üçün ekoloji təmiz ərzaq məhsullarının istehsalı ilə məşğuldur. Üzvi və üzvi mineral gübrələr istehsal edən şirkət yeni texnologiyalar əsasında fəaliyyət göstərir. Burada kənd təsərrüfatı üçün zərərverici həşəratlara qarşı ekoloji və bioloji üsulla mübarizə vasitələri, orqanik və orqanomineral əlavələr və biopreparatlar istehsal olunur. “Agro Bio Eco Tech” MMC-nin texnologiyaları, mikroorqanizmlər və probiotiklərindən Macarıstanda geniş istifadə edilir. Hazırda şirkətin Türkiyə, Macarıstan, Almaniya, Latviya və Rusiyada törəmə müəssisələri fəaliyyət göstərir. Şirkətin məhsulları istixana, qazon, ağac və kolların yetişdirilməsində tətbiq olunur. Bütün istehsal olunan məhsullara Avropa uyğunluq sertifikatları verilib.

Müzakirələrdən sonra adıçəkilən iddiaçılara rezident statusu verilməsi qərara alınıb. Akademik Akif Əlizadə hüquqi şəxslərin rəhbərlərini təbrik edərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb, bu qurumların elmtutumlu və yüksək texnologiya yönümlü istehsal fəaliyyətini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində göstərilən güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.