Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.09.2017 13:22
  • A-
  • A
  • A+

Azərbaycan-Çin əlaqələrinə həsr olunan “dəyirmi masa” keçirilib

Azərbaycan-Çin əlaqələrinə həsr olunan “dəyirmi masa” keçirilib

Sentyabrın 21-də AMEA Rəyasət Heyətində Azərbaycan-Çin əlaqələrinə həsr olunan “dəyirmi masa” keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) prezidenti, akademik Van Veyquanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik-katib, akademik Rasim Əliquliyev, Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər. 

Qonaqlara akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verən AMEA-nın prezidenti bildirib ki, 2015-ci ildə bu elm ocağının 70 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Alim vurğulayıb ki, bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurulur.

Ölkə Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı haqqında məlumat verən akademik A.Əlizadə bildirib ki, məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyini daha da artırmaqdır. 

A.Əlizadə akademiyada ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi barədə də məlumat verib. Qeyd edib ki, əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır, akademiyanın magistratura pilləsində təhsil alan tələbələr bakalavr təhsilindən sonra elmi laboratoriyalarda təcrübə keçə biləcəklər.

AMEA-nın prezidenti rəhbərlik etdiyi qurumda Azərbaycan gənclərinin elmi-tədqiqat və təcrübə bacarıqlarının artırılması, peşəkar mütəxəssislərin yetişdirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib.

Sonra A.Əlizadə çinli qonaqlara azərbaycanlı mütəxəssislərin hazırladığı dünya palçıq vulkanlarının atlasını təqdim edib. Ölkəmizdə uzun illərdir ki, vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, bütün dünya üzrə 3000-dən artıq vulkanın siyahıya alındığını diqqətə çatdırıb.

Görüşdə Çin-Azərbaycan əlaqələrinin tarixindən söz açılıb, ölkələr arasında iqtisadi, siyasi, elmi və mədəni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın bu gün də dinamik inkişaf etdiyi vurğulanıb. Hər iki ölkənin elmi mərkəzləri arasındakı mövcud münasibətlər və gələcək inkişaf prioritetləri müzakirə olunub.

Daha sonra AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarının da iştirakı ilə "dəyirmi masa" işə başlayıb.

Tədbirdə çıxış edən akademik V.Veyquan təmsil etdiyi qurumda aparılan elmi tədqiqatlar, həyata keçirilən layihələr barədə məlumat verib. AMEA ilə ÇİEA arasında əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq müvafiq sahədə kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu bildirib.

V.Veyquan əsas etibarilə humanitar elmlər, informasiya texnologiyaları, geologiya və arxeologiya istiqamətlərində əməkdaşlıq imkanlarından danışıb. O, AMEA-da müvafiq elm sahəsində Çin təcrübəsinin öyrənilməsi üçün lazımi köməklik göstərməyə hazır olduğunu deyib.

Daha sonra akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanla Çin arasında uzun illərdən bəri mövcud olan tarixi əlaqələrdən danışıb. İki ölkə arasında müxtəlif sahələrdə qurulmuş əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayan alim bu əlaqələrin davamı olaraq ölkəmizin təbliği məqsədilə ÇİEA-da Azərbaycan bölməsinin yaradılmasını təklif edib. Həmçinin AMEA Ədəbiyyat İnstitutunun nəzdində olan Çin mərkəzinin fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Sonda akademik Akif Əlizadə qonaqlara xatirə hədiyyələri təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: