www.science.az
22.09.2017 11:07

Tarix Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbiri şuranın sədri, akademik Şahin Mustafayev açaraq elmi müəssisələrdə tarix sahəsində tədqiq olunan problemlərin aktuallığı və dissertasiya mövzularının müasir tarix elminin inkişaf tələblərinə cavab verməsinə nəzarətin rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. Qeyd edib ki, şura bundan sonra da tədqiqinə ehtiyac duyulan prioritet mövzuların müəyyənləşdirilməsinə diqqəti artıracaq.

Sonra iclasda vətən, ümumi, beynəlxalq münasibətlər tarixi, arxeologiya, etnoqrafiya və etnologiya ixtisasları üzrə 4-ü elmlər, 16-sı isə fəlsəfə doktorluğu olmaqla 20 dissertasiya mövzusu müzakirə edilib. Onlardan 17-si təsdiq edilib, təkrara yol verildiyi və aktuallığı olmadığı üçün 2 doktorantın mövzusu müvafiq elmi şuralara qaytarılıb, 1 iddiaçının mövzusu isə iştirak etmədiyinə görə müzakirə edilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.