www.science.az
20.09.2017 10:15

Milli Məclisin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri müzakirə olunub

Sentyabrın 19-da payız sessiyasında Milli Məclisin mədəniyyət komitəsinin ilk iclası keçirilib.

Komitənin sədri, akademik Rafael Hüseynov gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, ötən sessiyalarda komitə məhsuldar fəaliyyət göstərib.

Komitədə bir sıra qanun layihələri müzakirə olunub, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilib, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi hazırlanaraq ikinci oxunuşa təqdim edilib.

İclasda, həmçinin “Muzeylər haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri də müzakirə edilib.

“Muzeylər haqqında” Qanunun 26-cı maddəsində “elmlər namizədi” ifadəsi müvafiq olaraq “fəlsəfə doktoru” ifadəsi ilə əvəz olunub.

“Mədəniyyət haqqında” Qanuna isə 1960-cı ildən sonra istehsal olunmuş mədəniyyət nümunələrinin ölkəmizdən ixracını sadələşdirmək məqsədilə bir neçə yeni maddə əlavə olunub, bəzi maddələrdə isə dəqiqləşdirmələr aparılıb.

Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.