www.science.az
19.09.2017 15:30

AMEA-da görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevin 80 illik yubileyi qeyd olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Ölkənin tanınmış elm və mədəniyyət adamlarının, ictimai xadimlərin iştirak etdiyi yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin elmi və bədii yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, filoloji fikrimizin görkəmli nümayəndəsi Qəzənfər Paşayevin yaradıcılığının zirvəsi onun 1985-ci ildə bədii-publisist, elmi-memuar üslubda qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” əsəridir.

Akademik İ.Həbibbəyli Qəzənfər Paşayevin İraq, Türkiyə və İranda apardığı araşdırmalarından söz açaraq, onun həmin ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorşünas alim kimi tanındığını, zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyduğunu söyləyib.

Sonra institutun şöbə müdiri, professor Şirindil Alışanov Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətləri olan Qəzənfər Paşayevin yaradıcılığı barədə məruzə edib. Alimin türk dünyasında böyük hörmətə malik olduğunu bildirən Ş.Alışanov onun ziyalı, dost, vətəndaş kimi keyfiyyətlərindən danışıb.

Daha sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək Q.Paşayevin zəngin fəaliyyətindən bəhs edib və Respublika Ağsaqqallar Şurasının “Fəxri fərman”ını ona təqdim edib.

Tədbirdə akademiklər - Teymur Bünyadov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Misir Mərdənov, professor Buludxan Xəlilov, kərküklü qonaqlar Mustafa Ziya və Şəmsəddin Küzeçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları görkəmli alimin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini danışıblar.

Sonda çıxış edən yubilyar Qəzənfər Paşayev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.