www.science.az
19.09.2017 11:16

AMEA-nın müxbir üzvü Amin İsmayılov Gürcüstanda “GOFC-GOLD” Regional Şəbəkə Sammitində iştirak edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “GOFC-GOLD (Meşə və Torpaq Örtüyünün Dinamikasının Qlobal Müşahidəsi)” Qafqaz şəbəkəsinin açılış mərasimi keçirilib. Tədbir ABŞ-ın Viskonsin-Medison Universitetinin, NASA təşkilatının və Gürcüstanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin təşəbbüsü ilə baş tutub.

Mərasimdə ölkəmizi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq coğrafi-informasiya sistemləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov təmsil edib. Azərbaycanlı alim tədbirdə “Distant zondlaşdırma və Coğrafi İnformasiya Sistemləri əsasında daşqınların torpaqların ekoloji vəziyyətinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

A.İsmayılov, həmçinin “GOFC-GOLD” Regional Şəbəkə Sammitinə də qatılıb. Sammitdə meşə yanğınları riskinin azaldılması istiqamətində Yer kürəsinin müxtəlif regionlarında yaradılmış şəbəkələrin əhəmiyyətindən, gələcəkdə nəzərdə tutulan tədbirlər planının tərtibindən bəhs olunub.

Tədbirdə A.İsmayılov Türkiyə də daxil olmaqla, Cənubi Qafqazı əhatə edəcək "CaucRIN" layihəsində torpaq-meşə örtüyünün və torpaqdan istifadə məsələlərinin prioritet istiqamətlərə aid edilməsi barədə təklif irəli sürüb. Torpaqşünas alimin təklifi iştirakçılar tərəfindən müsbət qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.