www.science.az
18.09.2017 16:17

Azərbaycanın və Qazaxıstanın elmi-tədqiqat institutları birgə əməkdaşlığa dair müqavilə imzalayıb

AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və  bu qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə elmlər namizədi İbrahim Qabulov 12-15 sentyabr 2017-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Nüvə elmləri və texnologiyaları” mövzusunda beynəlxalq elmi forumda iştirak ediblər.

Qazaxıstan Respublikasının Nüvə Fizikası İnstitutunun 60 illik yubileyinə həsr olunan forum çərçivəsində “Nüvə və radiasiya fizikası” üzrə XI konfrans, “Nüvə-2017” beynəlxalq konfransı və “Nüvə elmləri və onun tədbiqləri” adlı VIII Avrasiya konfransı keçirilib.

Rusiya, Yaponiya, Almaniya, Türkiyə, Özbəkistan, Azərbaycan, Fransa və Monqolustanı təmsil edən 200-dən çox alimin qatıldığı forumda nüvə texnologiyalarının tətbiqinə dair müasir elmi nəticələr müzakirə olunub, suallar cavablandırılıb.

Forumun sonunda Qazaxıstan Respublikasının Energetika Nazirliyinin elmi-tədqiqat müəssisəsi olan Nüvə Fizikası İnstitutu ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədi RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü O.Səmədov və Nüvə Fizikası İnstitutunun baş direktoru E.Kenjin imzalayıblar.

Müqavilənin məqsədi institutlar arasında radiasiya və nüvə fizikası, radiokimya, radioekologiya, radiasiya materialşünaslığı, radiasiya və nüvə təhlükəsizliyi və digər elmi-texniki sahələrdə birgə əməkdaşlığın yaradılmasıdır. 

İnstitutlar müqavilə çərçivəsində müxtəlif fondlara və beynəlxalq təşkilatlara birgə layihələr təqdim edəcək, qrant müsabiqələrinə qatılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.