www.science.az
18.09.2017 15:23

Azərbaycan məktəblisi İnformatika üzrə Avropa Olimpiadasında bürünc medal qazanıb

7-13 sentyabr tarixlərində Sofiya şəhərində (Bolqarıstan) İnformatika üzrə Birinci Avropa Gənclər Olimpiadası (First European Junior Olympiad in Informatics, eJOI) keçirilib. Tədbirin məqsədi gənclərin informasiya texnologiyaları sahəsinə marağının təbliğ edilməsi, Avropada rəqabətqabiliyyətli proqram təminatının inkişafının təşviqi, eləcə də informasiya texnologiyaları sahəsində ən istedadlı gənclərin müəyyən edilməsidir.

Yarışlara Bolqarıstanın Təhsil və Elm Nazirliyi, Sofiya şəhər Bələdiyyəsi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti və Sofiya Texnoloji Parkı (Sofiya Tech Park) ev sahibliyi edib.

Olimpiadada Azərbaycan, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Ermənistan, Estoniya, Fransa, Gürcüstan, Xorvatiya, Kipr, Latviya, Litva, Macarıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Ukrayna və Yunanıstan daxil olmaqla, 22 ölkədən 89 şagird iştirak edib. Olimpiadada ölkəmizi Abutalıb Namazov (Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey), Hüseyn Hacıyev (Bakı Avropa liseyi), Murad Eynizadə (Lənkəran şəhər 4 saylı orta məktəb), Əziz Hüseynov (Gəncə şəhər 26 saylı orta məktəb) təmsil ediblər.

Tədbirin 8 sentyabrda baş tutan açılış mərasimində Bolqarıstan prezidenti Rumen Radev, Avropa Komissiyasının (AK) Rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Komissarı Mariya Qabriel və Bolqarıstanın təhsil naziri Krasimir Vılçev çıxış ediblər. Mərasimdə AK-ın Təhsil, mədəniyyət, gənclər və idman üzrə Komissarı Tibor Navraçiçin olimpiada təşkilatçıları və iştirakçılarına müraciəti səsləndirilib.

Olimpiada çərçivəsində iştirakçılar informasiya texnologiyaları sahəsində biliklərini nümayiş etdirib. Yarışın nəticələrinə görə, 8 iştirakçı qızıl, 15 iştirakçı gümüş və 22 iştirakçı bürünc medala layiq görülüb. Yarışda Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 9-cu sinif şagirdi A.Namazov ölkəmizi layiqincə təmsil edərək olimpiadanın bürünc medalına layiq görülüb.

Bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.