www.science.az
18.09.2017 14:08

MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı işə başlayıb

Sentyabrın 18-də AMEA Dendrologiya İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyaları MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV Qurultayı və “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda elmi konfrans işə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi Azərbaycanda elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qurumları, yerli və xarici cəmiyyət icmaları nümayəndələrinin bir araya gələrək müzakirələr aparmasıdır. Qeyd edib ki, qurultayda biosferdə iqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri, yeni introduksiya olunan, aborigen, kosmopolit növlərin təbiətdə yayılması, növlərin populyasiyalarda say nisbətlərinin dəyişməsinə səbəb olan ekoloji amillərin təyini və onların mühafizəsinə dair məruzələr dinləniləcəkdir.

Alim son illərdə atmosferdə karbon qazının artması, eyni zamanda meşə sahələrinin məhv olması nəticəsində bir sıra xəstəliklərin əmələ gəldiyini, yaş məhdudiyyətinin azaldığını və ölüm hallarının artdığını bildirib. Onun sözlərinə görə, hazırda elmi-texniki tərəqqi və texnologiyanın sürətli inkişafı nəticəsində atmosferə zərərli maddə və tullantıların atılması təbiətdə baş verən proseslərə əsaslı təsir göstərərək iqlim dəyişkənliyinə səbəb olub. Bu da öz növbəsində bitki biomüxtəlifliyinin və areallarda populyasiyaların növ dəyişkənliyinə, ekoloji tarazlığın pozulmasına, nadir və nəsli kəsilməkdə olan növlərin məhvinə gətirib çıxarır.

Azərbaycanda bioloji müxtəlifliyin öyrənilməsinin, qorunmasının prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edən Ə.Əmiraslanov bu sahə üzrə əsas tədqiqat işlərinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutları tərəfindən aparıldığını vurğulayıb. “İqlim dəyişikliyi sahəsində aparılan tədqiqatlarla tanışlıq Azərbaycan üçün yeni imkanlar açacaq” – deyən akademik tədbir iştirakçılarına uğurlar arzulayıb.

Sonra çıxış edən Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov iqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması məqsədilə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Biomüxtəlifliyin öyrənilməsi sahəsində aparılan tədqiqat işlərindən danışan T.Məmmədov qeyd edib ki, Dendrologiya İnstitutu Azərbaycanın təbii və mədəni florasının hərtərəfli monitorinqini aparır, nadir və nəsli kəsilməkdə olan bitkiləri tədqiq edir. 

Tədbirdə Qırğızıstan Milli Elmlər Akademiyasının E.Z.Qareyev adına Botanika Bağının direktoru, b.e.d. Mədət Axmatov, Rusiya Elmlər Akademiyası (REA) Sibir və Uzaq Şərq Botanika Bağları regional şurasının sədri, REA Karaqanda Botanika Bağının direktoru Andrey Kupriyanov, MDB ölkələri Botanika Bağları şurasının elmi katibi Svetlana Potapova, gürcüstanlı alim Rezo Jabnidze və digər çıxış edənlər qurultayın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıblar. 

Üç gün davam edəcək tədbirdə MDB ölkələri üzrə Botanika Bağları Cəmiyyətlərinin hesabatının müzakirəsi, botanika bağlarının, dendrarilərin təbiət abidələrinin və genofondun mühafizəsində, biomüxtəlifliyin artırılmasında rolu, nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin areallarda yayılmasının və say nisbətinin elmi əsaslarla araşdırılması haqqında məruzələr dinləniləcək. Həmçinin ölkələrarası sərhədyanı ərazilərin florasının birgə işlənilməsi istiqamətində müzakirələr aparılacaq, problemlər və onların həlli yolu istiqamətində müvafiq müqavilələr bağlanılacaq, yekun qətnamə qəbul ediləcək. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar biologiya elminin inkişafına öz töhfəsini verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.