www.science.az
18.09.2017 10:24

AMEA-da Qafqaz İslam Ordusuna həsr olunan filmin təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinskinin Qafqaz İslam Ordusuna həsr olunmuş “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminin təqdimatı keçirilib.

Film Bakının 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunub. Ekran əsərində, həmçinin general Əliağa Şıxlinskinin Azərbaycan korpusunu formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi sənədlər əsasında nümayiş etdirilir.

Təqdimat mərasimində rejissor Z.Şıxlinski çıxış edərək XX əsrin əvvəllərində dünyanın siyasi mənzərəsindən, Cənubi Qafqazın o zamankı durumundan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən və Azərbaycan-Anadolu türklərinin birliyindən bəhs edib.

Daha sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova faktlara əsaslanan bu cür filmlərin xalqımızın tarixinin gələcək nəsillərə çatdırılması baxımından önəmini vurğulayıb. O, ekran əsərinin iki qardaş ölkənin birliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda Z.Şıxlinskinin müəllifi olduğu “Yazılsın tarixə bir qızıl xətlə” filmi, general Əliağa Şıxlinskinin “Mənim xatirələrim” adlı kitabı və Qafqaz Hərbi Dairəsi ştabının Hərbi Tarix Şöbəsi tərəfindən hazırlanmış 1801-1813-cü illərdə Qafqazda sərhədlərin durumunu əks etdirən “Qafqazın xəritəsi – sərhədlərin göstərilməsi ilə” bağlı sənəd MEK-ə hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.