Görkəmli kimyaçı alim, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin biblioqrafiyası "Elm" nəşriyyatında çapdan çıxıb.
Biblioqrafik göstəricidə alimin elmi, pedaqoji, təşkilati və ictimai fəaliyyəti, elmi əsərlərinin xronoloji göstəricisi, mətbuatdakı publisistik və elmi-kütləvi çıxışları, müsahibələri, ən mühüm elmi nəticələri, müəlliflik şəhadətnamələri və ixtiralarının patentləri, kitabları haqqında məlumatlar yer alıb. Azərbaycan, ingilis və rus dillərində çap olunmuş kitabın tərtibçiləri kimya üzrə fəlsəfə doktoru Z.Zaytseva və Əməkdar jurnalist S.Mehrəliyevadır.
Biblioqrafiyada alimin Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin iclasındakı çıxışı, onun milli ensiklopediya və maarifçilik fəaliyyətini əks etdirən qısa oçerk, habelə həyatının əsas tarixləri verilib.
Bir alimin, bir ziyalının portret cizgilərini qabarıq şəkildə əks etdirən nəfis tərtibatlı “Akademik Tofiq Nağıyev. Biblioqrafiya” kitabının tərtibi zamanı alimin şəxsi arxivindən istifadə olunub. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə alimin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri də öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.