www.science.az
13.09.2017 16:24

AMEA-nın Naxçıvan Bölməsində bir sıra nəşrlərin təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun yeni nəşrləri - “Eynəli bəy Sultanov və folklor”, “Hüseyn Cavid və folklor”, “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi” və “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək institutun əməkdaşlarının son illərdə müxtəlif istiqamətlərdə sanballı еlmi əsərlər, o cümlədən dəyərli monoqrafiyalar, kitablar çap etdirdiklərini deyib. Bildirib ki, təqdimatı keçirilən dörd monoqrafiya müəlliflərin apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsidir.

İclasda institutun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov “Eynəli bəy Sultanovun yaradıcılığına həsr edilmiş qiymətli əsər”, filologiya üzrə fəlsəfə doktorları -  Zülfiyyə İsmayıl, “Hüseyn Cavid yaradıcılığının folklor qaynaqlarına həsr edilmiş qiymətli əsər”, Əli Həşimov “Milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasına həsr edilmiş qiymətli əsər”, Nuray Əliyeva “Azərbaycanda İngilis dili qrammatikasının tədqiqinə həsr edilmiş layiqli əsər” mövzusunda geniş məruzə ilə çıxış ediblər.  

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.