Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji ekspedisiyaların yekunlarına həsr olunan tədbir keçirilib
08.09.2017 16:50
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji ekspedisiyaların yekunlarına həsr olunan tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində muxtar respublikada 2006-cı ildən aparılan geniş miqyaslı tədqiqatlara həsr olunan “Naxçıvanda arxeoloji araşdırmalar” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev cari ildə bölgənin müxtəlif ərazisində 2 beynəlxalq, 3 respublika əhəmiyyətli ekspedisiyanın həyata keçirildiyini bildirib. Qeyd edib ki, bölmənin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərində qazıntılar aparmış, tədqiqatlar zamanı çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar etmişlər.

Akademik İ.Hacıyev bu il muxtar respublika ərazisində ABŞ arxeoloqları tərəfindən 10 günlük kəşfiyyat xarakterli ekspedisiyaların aparıldığını da diqqətə çatdırıb.

Sonra Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək Uçan ağıl, Şorsu, I Kültəpə yaşayış yerində aşkar olunan təbəqələrdən danışıb. O, arxeoloji araşdırmalar zamanı Naxçıvanın tarixinə dair mühüm nəticələrin əldə olunduğunu söyləyib. Bildirib ki, qazıntılar zamanı tapılan keramika məmulatları, heyvan sümükləri, ocaq yerləri və digər maddi-mədəniyyət nümunələri bu ərazinin qədim tarixə malik olduğunu bir daha təsdiq edir.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək Naxçıvan şəhərində, I Kültəpə və onun ətrafında olan Uzunoba, Yeni yol, Uçan ağıl və digər qədim yaşayış yerlərində aşkar olunan arxeoloji tapıntılardan bəhs edib. O, abidələrin yaşının karbon analizi vasitəsi ilə təyin edildiyini və xüsusi aparatlar vasitəsi ilə xərtələşdirildiyini diqqətə çatdırıb.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva isə çıxışında ekspedisiya heyətinin tərkibinə növbəti illərdə arxeoloqlarla yanaşı, botanik, bioloq və zooloqların da cəlb olunması təklifini irəli sürüb.

Sonda çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Naxçıvan ərazisində aparılan araşdırmaları və çoxsaylı tədqiqatları yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: