Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və Rusiya alimləri birgə tədqiqatlar aparmağı planlaşdırırlar
05.09.2017 10:15
  • A-
  • A
  • A+

Azərbaycan və Rusiya alimləri birgə tədqiqatlar aparmağı planlaşdırırlar

Rusiya Elmlər Akademiyası A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutunun kiçik elmi işçisi, həmyerlimiz Mirseyid Əkbərov AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb.

İnstitutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov qonağı görüş iştirakçılarına təqdim edərək onun iki institut arasında əlaqə yaratmaq məqsədilə gəldiyini bildirib.

Sonra M.Əkbərov çalışdığı elmi müəssisə haqqında məlumat verərək qeyd edib ki, institut atmosferin dinamikasının öyrənilməsi, parametrlərinin müəyyənləşməsində yeni metodların işlənməsi, atmosferin üst qatının tədqiqi və s. kimi məsələlərlə məşğul olduğu kimi, iqlim problemləri, onun modellərinin yaradılması, eləcə də iqlim sisteminin sabitliyi və diaqnostikası üzərində işləyir. Gənc alim təmsil olunduğu institutun rəhbərliyi qarşısında AMEA-nın Coğrafiya İnstitutu ilə elmi əlaqələrin yaradılması haqqında təşəbbüs irəli sürdüyünü bildirib.

Görüşdə dünyada gedən qlobal problemlər - iqlim dəyişmələri, istiləşmə, səth sularının səviyyə dəyişkənliyi və s. haqqında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, hər iki müəssisə arasında əlaqələri inkişaf etdirmək məqsədilə müxtəlif mövzular ətrafında birgə tədqiqatlar və təcrübə mübadiləsi aparılsın, elmi görüşlər və konfranslar təşkil edilsin. Vurğulanıb ki, belə tədbirlərin keçirilməsi ümumi işin xeyrinədir və gələcəkdə bu sahədə aparılan tədqiqat işlərinə öz müsbət təsirini göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: