www.science.az
21.08.2017 11:36

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərləri Jiverni festivalında səsləndirilib

Fransanın Normandiya departamentində keçirilən Jiverni kamera musiqisi festivalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərləri səsləndirilib.

Festivalın direktoru Mişel Stros tədbirdə çıxış edərək Firəngiz Əlizadənin bəstələrini dünya klassik və avanqard əsərlərinin təması əsasında yaratdığını vurğulayaraq, onun və digər görkəmli musiqiçilərimizin simasında Azərbaycan musiqisinin dünyanın musiqi sənətinə və elminə böyük töhfələr verdiyini qeyd edib.

1998-ci ildən etibarən hər il keçirilən festival bu il F.Əlizadənin muğamsayağı əsəri ilə açılıb. “İpək yolu” mövzusuna həsr edilmiş festivalda tarixi yolun üzərində yerləşən ölkələrdə təkamülə töhfə vermiş elm və biliyin əsrlərboyu necə cərəyan etdiyini azərbaycanlı musiqiçi həzin notlarının gücü ilə canlandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.