www.science.az
18.08.2017 11:40

AMEA-nın bir qrup əməkdaşı “Horizon-2020” proqramı çərçivəsində Avstriya və Gürcüstanda elmi tədqiqatlar aparır

AMEA-nın bir qrup əməkdaşı Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, XVIII əsrin sonu XXI əsrlər” layihəsi çərçivəsində Avstriya və Gürcüstanda elmi tədqiqatlar aparırlar.

2017-ci ilin yanvar ayından başlayan layihə  4 il müddətində davam edəcək. Layihədə 12 ölkə (Avstriya, Azərbaycan, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna, Makedoniya, Rusiya, Moldova və s.) iştirak edir. Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Azərbaycan üzrə milli koordinator isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, t.ü.f.d. Zaur Həsənovdur.

Layihənin ilk mərhələsi cari il yanvar ayının 14-də Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində başlayıb və burada ilk texniki-nəzəri seminar keçirilib. Seminarı professor Karl Kayzer və onun rəhbərlik etdiyi kafedranın əməkdaşı Dominik Gutmeyr aparıblar. 

Layihəyə AMEA-nın 8 əməkdaşı cəlb olunub. Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - t.ü.f.d. Zaur Həsənov və Orxan Zamanov iyun ayının 12-də layihə çərçivəsində ilk elmi ezamiyyətlərini Qrats Universitetində keçiriblər. 

İyulun 8-dən və avqustun 1-dək isə AMEA-nın 7 əməkdaşından ibarət heyət Ş.Rustaveli ad. Batumi Dövlət Universitetində ezamiyyətdə olublar. Bu heyətə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Fərhad Quliyev, Xəqani Alməmmədov, Pərviz Qasımov və Valeh Ələkbərov, həmçinin A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları - tarix elmləri doktoru İradə Bağırova və tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə daxildirlər.

AMEA-nın əməkdaşları ezam olunduqları ölkələrdə həmkarları ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak edir, elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparır, arxeoloji abidələrlə tanış olur, həmçinin kitabxana, araşdırma mərkəzləri və arxivlərdə tədqiqatlarını davam etdirirlər.

Layihə iştirakçıları sentyabr ayında ezamiyyətlərini başa vuracaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.