www.science.az
17.08.2017 09:18

Ömrü örnək olan alim

O, mənalı bir ömür yaşamışdı, cəmiyyətə, xalqına şərəflə xidmət etmişdi, güclü məntiqi təfəkkürə, dərin düşüncə tərzinə malik idi. Aydın elmi əsaslara söykənən fikirləri, yüksək insani keyfiyyətləri ilə həmişə fərqlənmişdi. Hamı onunla işləmək, nə barədə olursa-olsun söhbətləşmək, fikir mübadiləsi aparmaq istəyirdi. Hər şeydən öncə böyük bir ziyalı idi. Nurlu əməlləri, əsl vətəndaş mövqeyi hamıya örnək idi. Məramı xoş, niyyəti saf, fikirləri işıqlı idi. Söhbət Azərbaycanda psixologiya elminin inkişafında müstəsna xidmətləri olmuş, özünün elmi məktəbini yaratmış görkəmli alim, unudulmaz müəllim, xeyirxah insan - əməkdar elm xadimi, professor Əkbər Salman oğlu Bayramovdan gedir. O, ömrünün 85-ci ilində dünyasını dəyişmişdi.

Əkbər müəllim haqqında keçmiş zamanda yazmaq olduqca çətindir, amma bu da bir gerçəklikdir. Həmin gerçəklik isə dərk edilməli və yaşanmalıdır - ömrünü elmə, xalqa xidmətə həsr etmiş alimin yaşadılması üçün. O, yaddaşlarda böyük qəlbə malik elm xadimi, özünü təsdiq edən şəxsiyyət kimi qalmışdır. Təmkinli, səbirli, dözümlü və iradəli insan idi. Lakin doğulub boya-başa çatdığı doğma Əlimədətlinin, Ağdamın, bütövlükdə Qarabağın Ermənistan tərəfindən işğal edilməsi onu çox sarsıtmışdı. Bəlkə də elə bu yurd dərdi onu içdən üzdü! 

1988-1990-cı illərdə Azərbaycana və azərbaycanlılara qarşı törədilən soyqırımı, etnik təmizləmə, SSRİ rəhbərliyinin ədalətsiz mövqeyi, 20 Yanvarda sovet ordusunun dinc mülki adamları - azərbaycanlı əhalini gülləbaran etməsi görkəmli alimi dəhşətə gətirdi. Əkbər Bayramov səsini ucaltdı və bu cinayətləri “Psixoloji etüdlər” (rusca) kitabında psixoloji baxımdan təhlil edərək kəskin tənqidi mövqeyini bildirdi. Kitabın rus dilində yazılmasında məqsəd isə Azərbaycanda baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bu, indi hamıya sadə görünə bilər. Amma dövrün, zamanın sərt olayları, ziddiyyətləri o vaxt bütün bunları söyləməyə böyük cəsarət tələb edirdi. Bax belə, çəkinmədən, qorxmadan, əsl ziyalı kimi Əkbər müəllim xalqı ilə bir yerdə oldu. 

Böyük nüfuza malik idi və onun sözü ictimai rəyə ciddi təsir edirdi. Ona görə də həmin çətin dövrdə xalqı və dövləti xilas edə biləcək yeganə siyasətçinin məhz ümummilli lider Heydər Əliyev olduğunu dərk edərək bu böyük şəxsiyyətin hakimiyyətə gəlməsinə çağırış edən “91”lərin ilklərindən biri də professor Əkbər Bayramov oldu. Baxmayaraq ki, buna görə təzyiqlərə, təhqirlərə, lüzumsuz tənqidlərə məruz qaldı, amma haqq yolundan çəkilmədi. 

Professor Əkbər Bayramov 30 dekabr 1930-cu ildə Ağdamın Əlimədətli kəndində anadan olmuşdur. 1949-cu ildə Ağdam Pedaqoji Texnikumunu bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə qəbul olunmuşdu. Onun istedadı universitet rəhbərliyinin diqqətindən kənarda qalmır və Elmi Şuranın qərarı ilə aspiranturaya tövsiyə edilir. Əkbər Bayramov 1954-cü ildə psixologiya ixtisası üzrə aspiranturaya qəbul olur və 1959-cu ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə edir. Araşdırmaları psixologiya elminə yeni nəfəs, istiqamət gətirir. Təsadüfi deyil ki, “Kiçik məktəb yaşlı şagirdlərdə təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf dinamikası”nın tədqiqinə həsr edilmiş elmi araşdırmaları ovaxtkı SSRİ-də böyük maraq doğurur. Beynəlxalq konfranslarda irəli sürdüyü nəzəriyyə ilə bağlı məruzələri qısa zamanda yeni tədqiqatlara təkan verir. O, İttifaq miqyasında nüfuzlu alim kimi tanınmaqla yanaşı, həm də psixologiyada elmi məktəb yaratmış məşhur alim kimi qəbul edildi. 

Professor Əkbər Bayramov əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji Universitetində başlayır və bu ali təhsil ocağında elmi-pedaqoji kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin təşkilində, psixologiyanın tədrisində, eyni zamanda dərsliklərin hazırlanmasında yaxından iştirak edir. Təsadüfi deyil ki, həmin dövrdə psixologiya üzrə yazılan dərslik və monoqrafiyaların demək olar ki, hamısının elmi redaktoru professor Əkbər Bayramov olmuşdur. 

Görkəmli alim 1971-ci ildə Bakı Dövlət Universitetinə “Pedaqogika və psixologiya” kafedrasına müdir vəzifəsinə dəvət edilir və ömrünün sonuna qədər burada işləyir. O zaman da bu kafedra respublikada aparıcı kafedra sayılırdı və ona görkəmli alimlər akademik A.Makovelski və professor M.Məhərrəmov rəhbərlik etmişdilər. Kafedraya rəhbərliyi dövründə psixologiya elminin inkişafı, onun yeni sahələri üzrə elmi-tədqiqat işlərinin təşkili yüksək səviyyədə aparılır, müttəfiq respublikaların və xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlıq əlaqələri genişlənir. Psixologiyanın tətbiqi sahəsində ilk addımlar atılır. 

Əkbər müəllim milli təəssübkeşliyi ilə də seçilirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə özünü göstərirdi. İşlərinin həddən artıq çox olmasına baxmayaraq, Yerevan Pedaqoji İnstitutunda yaradılmış Azərbaycan filologiyası bölməsinin fəaliyyətinə kömək məqsədilə 1965-1983-cü illərdə əvəzçi professor kimi mühazirələr də oxumuşdur. O istəyirdi ki, dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar yüksək təhsil alsınlar, inkişaf etsinlər, öz yurdlarını tərk etməsinlər, ermənilərin məkrli siyasətinin qurbanı olmasınlar. Hər şeyi öz rəngində görməyi bacaran və bunu hamıya tövsiyə edən Əkbər Bayramovun bu xüsusiyyəti vətənpərvərliyindən və cəsarətindən irəli gəlirdi.

Professor Ə.Bayramovun elmi yaradıcılığı çoxşaxəlidir. O, sözə sığmayacaq qədər işgüzar idi. Alimin təfəkkürün müstəqillik və tənqidiliyinin inkişaf xüsusiyyətləri ilə bağlı araşdırmaları psixologiya elminin inkişafında yeni mərhələ kimi dəyərləndirilməlidir. O, kifayət qədər öyrənilməmiş mühüm bir problemin - ağlın keyfiyyətləri problemini şəxsiyyət yanaşması baxımından araşdıraraq “perseptiv” inikasdan tənqidi təfəkkürün müxtəlif səviyyələrinə keçidin qanunauyğunluqlarını müəyyən etmiş, müstəqil və tənqidi təfəkkürün funksiyalarını, strukturunu və mənşəyini tədqiq etmiş, eyni zamanda bunları şəxsiyyət keyfiyyətləri kimi nəzərdən keçirmişdir. Əlbəttə, onun elmə gətirdiyi bu yeniliklə tamamilə təzə bir elmi istiqamətin əsası qoyuldu. Bu, azərbaycanlı alimin psixologiya elminin inkişafına verdiyi ən böyük töhfə idi. Təsadüfi deyil ki, psixologiya elminin tarixində təfəkkürün müstəqilliyinin şəxsiyyət keyfiyyəti kimi tədqiqi istiqaməti 1950-1960-cı illərdən amerikalı məşhur psixoloq Salomon Aşın və məşhur azərbaycanlı psixoloq Əkbər Bayramovun adları ilə bağlıdır. Hər iki alim eyni vaxtda bu problemin həllinə nail olmuşlar.

Professor Əkbər Bayramovun rəhbərliyi ilə ali məktəblər üçün yazılmış psixologiya üzrə dərsliklər yenidən işlənərək dəfələrlə nəşr edilmişdir. Ali məktəblər üçün nəzərdə tutulmuş “Psixologiya” dərsliyi (professor Əbdül Əlizadə ilə birlikdə) 1989-cu ildən bu günə kimi 15 dəfə yenidən çap edilərək hər bir psixoloqun stolüstü kitabına çevrilmişdir. “Sosial psixologiya” (1986), “Məhkəmə psixologiyası” (1985), “Məhkəmə psixologiyası və psixoloji ekspertiza məsələləri” (1987), “Etnik psixologiya” (2001) və digər dərsliklər milli zəmində zəngin ədəbi-bədii irsimizin təhlili əsasında yazılmış dəyərli əsərlərdir. 

Onun tədqiqatlarında “Kitabi-Dədə Qorqud” dastanlarında, Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir ədəbi irsinin təhlili əsasında Azərbaycan psixoloji fikir tarixinin kökləri və qaynaqları öyrənilmiş, ümumiləşdirmələr aparılmışdır. Nizaminin ölməz əsərlərində rənglərin simvolikası, hürufizmin psixoloji kökləri, Məcnunun timsalında şəxsiyyətin autizasiyası, təşəkkülü, özünüdərki və özünüqiymətləndirməsinin psixoloji problemləri, Nəsiminin yaradıcılığında ekzistensial psixologiya məsələləri araşdırılmışdır. 

Onun etnik xüsusiyyətlər və etnoslararası qarşılıqlı münasibətlərin psixoloji problemləri ilə bağlı tədqiqatları da böyük elmi əhəmiyyətə malikdir. “Psixoloji düşüncələr” (1994), “Etnik psixologiya məsələləri” (1996), “Kitabi-Dədə Qorqud” dastanlarında etnik-psixoloji xüsusiyyətlərin inikası” (2000), “Etnik psixologiya” (2001) və digər əsərləri milli psixologiyanın tədqiqinə həsr edilmişdir.

Professor Əkbər Bayramov əsərlərində həm də erməni vəhşiliklərinin psixoloji köklərini araşdırır, nekrofiliya (E.Fromm) anlayışı axarında ermənilərin etnik xüsusiyyətlərini psixoloji ədəbiyyatda ilk dəfə olaraq açıqlayır və inkaredilməz elmi dəlillərlə erməni faşizminin mahiyyətini açır.

Görkəmli alim ilk çoxcildli Azərbaycan ensiklopediyasının hazırlanmasında yaxından iştirak etmişdir. 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya-nəşriyyat şurasının üzvü kimi onlarla maraqlı elmi məqalənin də müəllifi olmuşdur. “Kitabi Dədə-Qorqud” Ensiklopediyası üçün psixologiya elminin müxtəlif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır.

Azərbaycan SSR Təhsil Nazirliyinin ali məktəblər üçün dərslik və proqramların nəşrinə icazə verən şuranın uzun illər sədri olmuşdur. Onun elmi rəhbərliyi ilə Azərbaycanda və xarici ölkələrdə psixologiya üzrə 36 fəlsəfə doktoru və elmlər doktoru dissertasiyası müdafiə edilmiş, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. 

SSRİ Psixoloqlar Cəmiyyəti Azərbaycan şöbəsinin uzun illər sədri olan professor Əkbər Bayramov həm peşəkar psixoloqların birgə səmərəli fəaliyyətini, həm də SSRİ və Zaqafqaziya psixoloqlarının ayrı-ayrılıqda keçirilən qurultay və konfranslarında respublikamızın fəal iştirakını təşkil etmişdir. Elm təşkilatçısı kimi onun təşəbbüsü ilə ilk dəfə BDU-nun nəzdində psixologiya elmləri üzrə Dissertasiya Şurası yaradılmış və bu şuranın 1994-2000-ci illərdə sədri olmuşdur. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasında fəaliyyət göstərmişdir. 2016-cı ildən isə yenidən psixologiya elmləri üzrə BDU-nun nəzdindəki Dissertasiya Şurasının üzvü olmuşdur. Qeyd etmək lazımdır ki, professor Əkbər Bayramovun psixologiya sahəsində elmi-pedaqoji kadrların hazırlanmasında da müstəsna xidmətləri var. O, keşməkeşli həyat yaşadığından yetirmələrinə də dərin inam bəsləyirdi. Bu da elmi problemlərin həllində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara böyük psixoloji yardım göstərirdi. Tələbələrini əsl alim və şəxsiyyət kimi görmək arzusunda idi. Qayğıkeşliyi, səmimiyyəti, xeyirxahlığı, alicənablığı onu ətrafındakılara doğmalaşdıran və sevdirən ən mühüm keyfiyyətlər idi. Bu gözəl alimin amalı xalqının maariflənməsi ilə bağlı idi. Nəcib hərəkətləri isə onun həyatında çox olub... 

Professor Əkbər Bayramov BDU-da Sosial elmlər və psixologiya fakültəsinin yaradılmasının təşəbbüskarı və həmin fakültənin ilk dekanı olmuşdur. O, ilklərə imza atan alimlərimizdən və görkəmli tədqiqatçılarımızdan idi. 1996-cı ildə 65 yaşında ərizə yazaraq kafedra müdirliyindən istefa verdi. Bildirdi ki, mən gənc kadrları sağlığımda iş başında görmək istəyirəm. Hər bir uğurlu işin gələcəyi onu davam etdirə biləcək kadrların hazırlanmasından asılıdır. O, belə geniş düşüncəyə malik alim-təşkilatçı idi! Əkbər müəllimin bu addımı respublikada bir ilk idi. Bu gün də onun atdığı həmin addım hamıya gözəl bir örnəkdir.

Alim Əkbər Bayramovun 46 kitab və monoqrafiyası, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabları və 600 elmi məqalə və məruzə-tezisləri nəşr edilmişdir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur. 

Görkəmli elm xadimi Ə.Bayramovun fədakar əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Alim “Fədakar əməyə görə” yubiley medalı (1970), “Şərəf nişanı” ordeni (1976), “SSRİ maarif əlaçısı” (1977), “Əməkdar elm xadimi” (1981), “Şöhrət ordeni” (2000), Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 2009-cu ildə ona Prezident təqaüdü, 2016-cı ildə BDU-nun “Fəxri professor”u adı verilmişdir.

Əkbər müəllimin bir böyük arzusu var idi - işğal edilmiş torpaqlarımızın azad edilməsi və doğma yerləri qarış-qarış gəzmək. Bəlkə də bu yurd həsrəti, nisgili qənim kəsildi ona. Amma əminliklə deyə bilərəm ki, torpaqlarımız azad ediləcək və Əkbər müəllimin ruhu rahatlıq tapacaq. Ağdam şəhərində onun adına məktəb də, küçə də olacaq. O məktəbin məzunlarından professor Əkbər Bayramovun yolunu davam etdirəcək yeni psixoloqlar nəsli yetişəcək, zaman daim onu yaşadacaq.

Bəxtiyar Əliyev, AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor

"Azərbaycan" qəzeti, 17 avqust 2017-ci il