www.science.az
16.08.2017 10:53

Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı erkən Eneolit dövrünə aid yaşayış yeri aşkar olunub

Eneolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası avqustun əvvəlindən etibarən fəaliyyətə başlayıb.   

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tanınmış arxeoloq, Dr.  Catherine Marronun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların məqsədi  qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdir.

AMEA-nın müxbir üzvü V.Baxşəliyevin bildirib ki, tədqiqat mövsümünün ilk günlərində Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması böyük maraq doğurub. Arxeoloqun sözlərinə görə, yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da vardır. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir. Aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir.

V.Baxşəliyev qeyd edib ki, ərazidə qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilməkdədir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.