Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən müsabiqənin qalibləri bəlli olub
07.08.2017 09:39
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən müsabiqənin qalibləri bəlli olub

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) əsas tərəfdaşlığı ilə həyata keçirilən dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi "ClimateLaunchpad 2017"nin ölkə finalı keçirilib. Tədbirdə "ClimateLaunchpad 2017"nin qalibləri müəyyənləşib.

Azərbaycanın ilk dəfə qoşulduğu “ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap komandası finalda qalib olmaq uğrunda mübarizə aparıblar. Qalib olan 3 komanda ölkəmizi oktyabrın 17-18-də Kiprın Limasol şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıb. Mükafatlandırma mərasimində qaliblər müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

Dünyada artıq 4-cü dəfədir həyata keçirilən “ClimateLaunchpad” proqramının ölkəmizdəki rəsmi tərəfdaşı “Social Innovation Lab”dır. Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən proqramın “qızıl sponsoru” – əsas tərəfdaşı AMEA Yüksək Texnologiyalar Parkıdır. AMEA YTP yarandığı dövrdən dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə dəstək verir. Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırıb və vacib biznes biliklərini layihələri üzərində tətbiq ediblər.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İttifaqın İnnovasiya və Texnologiya İnstitutunun təşkil etdiyi yarışmada bu il 37 ölkə iştirak edir.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Azərbaycanı 14 startap komandasından finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edəcək. Dünya finalında 1-ci yerin sahibləri 10 min, 2-ci yerin sahibləri 5 min, 3-cü yerin sahibləri 2 min 500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 000 avro maliyyə dəstəyi verilir. İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa İttifaqının İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: