www.science.az
07.08.2017 09:47

Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq sala bilər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası tərəfindən 2017-ci ilin yayında Xocavənd rayonu ərazisində arxeoloji tədqiqatlar davam etdirilib.

Arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Nərgiztəpədə və ətraf ərazilərdə aparılan aqxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, Qarabağın Mil düzü ilə kəsişən dağətəyi ərazisində yerləşən Nərgiztəpədə ilk tədqiqatlar 2013-cü ildə başlanıb. 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə burada araşdırmalar daha intensiv xarakter alıb.

Onun sözlərinə görə, son tədqiqatlar zamanı ərazidə 300-dən çox qəbir qeydə alınıb,onların topoqrafik planı çıxarılıb. Bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən baş daşları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub.

T.Əliyev qeyd edib ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq sala biləcək bir abidədir. Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Nərgiztəpədə aparılan arxeoloji tədqiqatlar qədim Azərbaycan əhalisinin mədəni təsərrüfat həyatında və dünyagörüşündə varisliyini bir daha təsdiq edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.