Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü İbrahim Əzizovun 70 yaşı tamam olur
04.08.2017 15:34
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İbrahim Əzizovun 70 yaşı tamam olur

Avqust ayının 5-də Azərbaycanın görkəmli bioloq alimi, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, “Şöhrət” ordeni laureatı, AMEA-nın müxbir üzvü İbrahim Əzizovun 70 yaşı tamam olur.

İbrahim Əzizov 1947-ci il avqustun 5-də Zaqatala rayonunun Qarqay kəndində anadan olub. İlk təhsilini Qarqay kənd məktəbində aldıqdan sonra, Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, daha sonra isə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib.

1971-ci ildə Zaqatala rayonunun Qandax və Mosul kənd orta məktəblərində biologiya və kimya fənnlərini tədris edib.

1972-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasına daxil olan alim məhsuldarlıqlarına görə fərqlənən müxtəlif buğda sortlarının ontogenezində xloroplastların fotokimyəvi fəallığını tədqiq edib. O, tədqiqatlarını ET Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bitki fiziologiyası və biokimyası şöbəsində yerinə yetirib.

1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun nəzdində akademik Cəlal Əliyevin rəhbərliyi ilə Fotosintezin fiziologiyası laboratoriyası yaradılıb və İ.Əzizov həmin laboratoriyanın ilk əməkdaşı olub.

1987-ci ildə Fotosintezin fiziologiyası laboratoriyasının əsasında dörd laboratoriyadan ibarət Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi təşkil edilib. İ.Əzizov şöbənin tərkibində yeni yaradılan Xloroplastların fotokimyası laboratoriyasının müdiri təyin olunub.

1981-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi ilə “Müxtəlif məhsuldar buğdanın ontogenezində xloroplastların fotosintez qabiliyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək, “Bitki fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildə isə “Məhsuldarlığı və becərilmə şəraiti ilə əlaqədar olaraq müxtəlif buğda sortlarının assimiləedici orqanlarından ayrılmış xloroplastlarda fotokimyəvi reaksiyaların fəallığı” mövzusunda dissertasiya işini müdafiə edərək,  biologiya elmləri doktoru elmi dərəcəsini alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülüb.

İbrahim Əzizov fotosintezin fiziologiyası sahəsində tanınmış mütəxəssisdir. Onun elmi fəaliyyəti müxtəlif buğda genotiplərinin fotosintez qabiliyyətinin tədqiqinə həsr olunub. O, mühitin qeyri əlverişli amillərinin, o cümlədən, yüksək temperatur, quraqlıq və şoranlığın müxtəlif buğda genotiplərinin xloroplastlarına və məhsuldarlığına təsirini tədqiq edib. Alimin Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşları ilə birgə apardığı tədqiqatlarda müasir fizioloji, biokimyəvi və biotexnoloji metodları tətbiq etməklə ali bitkilərdə və birhüceyrəli yosunlarda duzadavamlılığın mexanizminin aydınlaşdırılması istiqamətində yeni məlumatlar əldə olunub.  Bundan əlavə, АМЕА Radiasiya Probemləri İnstitutunun əməkdaşları ilə aparılan tədqiqatlarda bir sıra bitki mənşəli radioprotektor xassəli fizioloji fəal maddələr alınıb, həmin maddələr bitki və heyvan orqanizminə daxil edilərək onların şüaqoruyucu xassələri tədqiq edilib. 

İbrahim Əzizovun rəhbərliyi ilə “Abşeronun neftlə və neft məhsulları ilə çirklənmiş torpaqların bioremediasiya üsulunun işlənib hazırlanması”, “Gəncə ətrafı çirklənmiş torpaqların təmizlənməsində yeni üsulların tətbiqi” mövzularında beynəlxalq layihələr yerinə yetirilib və çirklənmiş torpaqların təmizlənməsinin yeni, ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli metodu işlənib hazırlanaraq praktikaya tətbiq edilib.

İ.Əzizov 241 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi altında 7 fəlsəfə doktoru hazırlanıb.

O, 2001-2016-cı illərdə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə Ekspert Şurasının sədri, “AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası)” jurnalının redaksiya heyətinin üzvü olub.

İbrahim Əzizov Ukrayna Genetiklər və Seleksiyaçılar, Radiobioloqlar cəmiyyət-lərinin, “Orqanizmlərin eksperimental təkamülünün amilləri” jurnalının redaksiya heyətinin üzvüdür. 

Alimin elmi yaradıcılıq fəaliyyəti pedaqoji fəaliyyəti ilə üzvi surətdə bağlıdır. O, 1985-ci ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində ixtisas dərslərini aparır, gənc kadrların hazırlanmasında fəal iştirak edir.

Elmdə əldə etdiyi nailiyyətlərə görə 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Görkəmli bioloq alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: