Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümumrespublika Dil və Mədəniyyət Festivalının yekun proqramına həsr olunmuş tədbir keçirilib
05.03.2014 00:00
  • A-
  • A
  • A+

Ümumrespublika Dil və Mədəniyyət Festivalının yekun proqramına həsr olunmuş tədbir keçirilib

Martın 4-də Heydər Əliyev Sarayında “Ana dilimizi sevək, sevdirək” devizi altında baş tutan yeniyetmə və gənclərin Ümumrespublika Dil və Mədəniyyət Festivalının yekun proqramına həsr olunmuş tədbir keçirilib.

Beynəlxalq Ana Dili Gününə həsr edilən festivalın təşkilatçıları Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Anadolu Dil və Mədəniyyət Mərkəzidir.

Qeyd edək ki, festival çərçivəsində orta ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında müxtəlif kateqoriyalar üzrə XI “Ana dilimizi sevək, sevdirək” və XII “Beynəlxalq türkcə olimpiadaları – Azərbaycan” respublika müsabiqələri keçirilib, festivala 930 ümumtəhsil orta məktəbindən 3 mindən çox şagird qatılmışdır.

Öncə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dilimizin, mədəniyyətimizin inkişafına xidmət edən tədbirlərin əks olunduğu qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Tofiq Hacıyev, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev və digər alimlər çıxış edərək ümummilli lider Heydər Əliyevin dilimizin, milli mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xüsusi önəm verdiyini vurğulayıblar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dilimizin zənginliyinin qorunması istiqamətində görülən tədbirləri önə çəkən natiqlər festivalın gənc nəslin dilimizin incəliklərinin mənimsəməsində, dünyaya inteqrasiyasında əhəmiyyətli rol oynadığını bildiriblər. Dilin güclü mənəvi dəyər olduğunu vurğulayan natiqlər gənclərin dilimizə olan sevgisini, onun dünyaya çatdırılmasında maraqlı olduqlarını yüksək qiymətləndiriblər.

Sonra festivalda I, II və III yerlərin qaliblərinə mükafatlar təqdim olunub.

Qaliblərin cari ilin iyun ayında 150 ölkənin iştirakı ilə Türkiyədə keçiriləcək XII “Beynəlxalq türkcə olimpiadaları”nda Azərbaycanı təmsil edəcəkləri qeyd olunub.

Yekun söz ilə çıxış edən “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən ümummilli lider Heydər Əliyevin “Biz bir millət iki dövlətik!” ifadəsinin türkdilli xalqların birliyinin getdikcə daha da möhkəmlənməsində əhəmiyyətli çağırış olduğunu bildirərək, qalibləri təbrik edib, yeniyetmələrə dilimizi sevdirməkdə uğurlar arzulayıb.

Tədbirə bədii hissə ilə yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: