Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK-in Akademiklər zalında İranın Azərbaycandakı səfirliyinin diplomatik guşəsi yaradılıb
01.08.2017 09:59
  • A-
  • A
  • A+

MEK-in Akademiklər zalında İranın Azərbaycandakı səfirliyinin diplomatik guşəsi yaradılıb

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Ə.Farsi İran Səfirliyi adından MEK-ə 250 adda müxtəlif səpkili kitab hədiyyə edib.

Qonağı qarşılayan MEK-in direktoru, tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova Mədəniyyət Mərkəzinin sədri Ə.Farsinin gəlişindən məmnunluğunu ifadə edib. O, bu addımı iki ölkə arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib. Ədəbiyyat mübadilələrinin davamlı olacağına ümid etdiyini bildirən direktor əlavə edib ki, hədiyyə olunan kitablardan bir neçəsi MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil ediləcək.

Əhməd Farsi də öz növbəsində səmimi münasibətə görə MEK rəhbərliyinə təşəkkür edib və hər iki ölkə arasında əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkələrimizin tarixi bir-birilə çox əlaqəlidir və Azərbaycan tarixini əks etdirən farsdilli və ərəbdilli mənbələrin bir çoxu İran kitabxanalarındadır: “İstərdik ki, bu qaynaqlar Azərbaycanın elm adamları, tədqiqatçıları üçün əlçatan olsun”. Ə.Farsi ölkələrarası mədəni-elmi mübadilələrin davamlılığı məqsədilə İran Mədəniyyət Mərkəzinin hər zaman MEK ilə əməkdaşlığa hazır olduğunu və əlaqələrin daha yüksək səviyyədə təşkili üçün çalışacaqlarını deyib. 

Sonda İran Mədəniyyət Mərkəzinin hədiyyə etdiyi kitablar kitabxananın Akademiklər zalındakı diplomatik guşədə İran Səfirliyi üçün ayrılmış bölməyə yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: