Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.07.2017 16:15
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında iqlim dəyişikliyi mövzusunda tədbir keçirilib

Şamaxı Astrofizika Rəsədxanasında iqlim dəyişikliyi mövzusunda tədbir keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "İqlim dəyişikliyi, hava çirklənməsi elmləri və bu sahələrdə Azərbaycan üçün elmi tədqiqat imkanları" mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq seminarın rəsədxana əməkdaşlarının ABŞ-da aparılan elmi tədqiqat metodları ilə yaxından tanışlığı baxımından faydalı olacağını bildirib. Alim vurğulayıb ki, rəsədxanada bu cür tədbirlərin təşkili xarici ölkələrdə fəaliyyət göstərən elmi institutlarla yeni əməkdaşlıq imkanlarına yol açır.

Sonra ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Yer Elmləri Tədqiqatları Laboratoriyasının aparıcı elmi işçisi Rəvan Əhmədov məruzə ilə çıxış  edib. Alim əvvəlcə təmsil etdiyi qurum haqqında seminar iştirakçılarına qısa məlumat verib.

R.Əhmədov məruzəsində çalışdığı Yer Elmləri Tədqiqatları Laboratoriyasının iqlim dəyişikliyi və hava çirklənməsi ilə bağlı apardığı tədqiqatlardan, istifadə olunan müasir elmi tədqiqat metodlarından danışıb. Alim bu istiqamətdə ABŞ-ın elmi müəssisələrinin təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyini vurğulayıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: