Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsi 2017-ci ilin birinci yarısında mühüm nailiyyətlər əldə edib
20.07.2017 16:55
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsi 2017-ci ilin birinci yarısında mühüm nailiyyətlər əldə edib

2017-ci ilin birinci yarısında AMEA-nın Naxçıvan Bölməsi bir sıra yeni uğurlar əldə edib.

Belə ki, bölmə bu ilin birinci yarısında fəaliyyətini 6 istiqamət, 7 mövzu, 34 iş üzrə 78 mərhələdə davam etdirib. Bölmədə Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, günəş sistemi cisimlərinin tədqiqinə həsr olunan tədqiqatlar aparılıb.

2017-ci ilin birinci yarısında əməkdaşların 25 monoqrafiya, 13 kitab, 1 dərsliyi, 298 elmi məqaləsi, 123 konfrans materialı və 4 tezis olmaqla 464 elmi əsəri nəşr edilib. 20-si impakt faktorlu jurnallarda olmaqla ümumilikdə 108-i xaricdə çapdan çıxıb.

Bu dövrdə bölmənin “Xəbərlər” və “Axtarışlar” jurnallarının iki nömrəsi çap olunub. Bundan əlavə, bölmədə yaradılan tədqiqat qrupu tərəfindən “Gülüstan türbəsi” və “Qarabağlar Türbə Kompleksi” məqalələr toplusu üç dildə çapa hazırlanır. Hazırda “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlasın hazırlanması nəzərdə tutulub. Həmçinin AMEA-nın Coğrafiya İnstitutu ilə birgə “Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir.

“İslam Həmrəyliyi İli” çərçivəsində və Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar “Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri” albom-kataloqu və “İslamda müdrik kəlamlar” kitablarının hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb və kitabların çapa hazırlığı yekunlaşıb. Birinci kitab beynəlxalq konfrans ərəfəsində çap olunub.

Hesabat dövründə 7-8 iyul 2017-ci il tarixlərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib. Ümumilikdə isə bölmədə 6 konfrans, 4 iclas, 26 seminar, 11 kitab və monoqrafiyanın təqdimat mərasimi, Heydər Əliyev lektoriyasının 3 məşğələsi baş tutub.

Bundan əlavə, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında, həmçinin Əlyazmalar Fondu ilə M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: