www.science.az
28.02.2014 00:00

AMEA Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzi yaradılacaq

AMEA Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında AMEA Rəyasət Heyəti qərar qəbul edib.

Mərkəzin Azərbaycanda yaradılması haqqında təklif ötən ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan Nobel mükafatı laureatı Corc Smut tərəfindən irəli sürülüb. Forum keçirilən müddətdə Fizika İnstitutunun fəaliyyəti, nailiyyətləri və potensialı ilə yaxından tanış olan C.Smut AMEA prezidenti, akademik Akif Əlizadəyə Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib.

Qeyd edək ki, Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək. Mərkəzin ikimərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələnin müddəti 2 il, ikinci mərhələnin müddəti isə 3 il nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.