www.science.az
03.03.2014 00:00

AMEA Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

19 fevral 2014-cü il tarixdə AMEA Coğrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında institutun direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi müzakirə olunub.

İnstitutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə AMEA Rəyasət Heyətinin institutun boş qalan direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında Sərəncamına əsasən institutun Elmi Şurası tərəfindən bu vəzifəyə namizədin irəli sürüldüyünü bildirib.

İnstitutun Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru H.Haqverdiyev coğrafiya üzrə elmlər doktoru Xalid Tanrıverdiyev, aqrar üzrə fəlsəfə doktoru Ə.Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru N.Əhmədov, coğrafiya üzrə elmlər doktoru Rəna Qaşqay və başqaları çıxış edərək AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru, professor Ramiz Məmmədovun institutun direktoru vəzifəsinə namizədliyini irəli sürüblər.

Tədbirdə R.Məmmədovun Xəzər dənizinin tədqiqatları üzrə beynəlxalq miqyasda tanınmış alim olduğu, 250-yə qədər elmi məqalə, 9 monoqrafiya, coğrafi atlas və 20-yə qədər beynəlxalq elmi layihənin müəlifi kimi dünyanın ən nüfuzlu jurnallarında və nəşriyyatlarında əsərlərinin dərc olunduğunu söyləyiblər. Qeyd olunub ki, tədqiqat işlərində novatorluğu ilə fərqlənən R.Məmmədov dünyanın 40-a yaxın ölkəsində keçirilmiş beynəlxalq elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmiş və hazırda BMT, YUNESKO, Avropa Birliyi və digər beynəlxalq qurumların elmi və ekoloji təşkilatlarında ölkəmizi təmsil edir.

Sonda Elmi Şura AMEA Coğrafiya İnstitutunun direktoru vəzifəsinə Ramiz Məmmədovun namizədliyinin irəli sürülməsini qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.