Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türkiyədə azərbaycanlı alimə həsr olunan konfrans keçirilib
13.07.2017 15:15
  • A-
  • A
  • A+

Türkiyədə azərbaycanlı alimə həsr olunan konfrans keçirilib

Türkiyənin Ahi Evran Universitetində (Kırşehir) Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunan "Morri tipli fəzalarda operatorlar və tətbiqləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

3 gün davam edən konfransda Türkiyə, Azərbaycan, Rusiya, İngiltərə, İtaliya, Polşa, Çexiya, İran, Yaponiya, Hindistan, Tunis, Pakistan, Qırğızıstan və Qazaxıstandan 100-ə yaxın alim iştirak edib.

Tədbirin açılış mərasimində Ahi Evran Universitetinin rektoru, professor Vatan Karakaya çıxış edərək V.Quliyevin dünya riyaziyyat elmində özünəməxsus yeri olduğunu, eyni zamanda bir çox kadrlar yetişdirdiyini bildirib.

Konfransda Rusiya Xalqlar Dostluğu Universitetinin nəzdində S.M.Nikolski adına Riyaziyyat İnstitutunun direktoru, professor Viktor Burenkov çıxış edərək alimin riyazi nəzəriyyə və tətbiqlərin ciddi problemlərinin həllinə yönələn önəmli elmi tədqiqatlar apardığını söyləyib.

Ankara Universitetinin professoru Ayhan Şərbətci isə bu cür tədbirlərin dövlətlərarası elmi əlaqələrin möhkəmləndirilməsində bir vasitəçi olduğunu diqqətə çatdırıb.

Tədbirdə professor Vatan Karakaya tərəfindən Vaqif Quliyevə xatirə hədiyyəsi təqdim olunub.

Bölmə iclasları ilə öz işini davam etdirən konfransa bu gün yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: