www.science.az
11.07.2017 15:20

AMEA-nın Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.

Bölmənin Elektron Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Naxçıvan Muxtar Respublikasının seolitləri haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, G.Məmmədovanın müəllifi olduğu yeni nəşrdə müasir analiz metodlarından istifadə etməklə muxtar respublikasının təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb.

Sonra kimya elmləri doktoru Bayram Rzayev “Gümüşlü qurğuşun-sink filizi haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Ə.Qarayevin monoqrafiyası Gümüşlü qurğuşun-sink filizindən kollektiv və seçici flotasiya metodu ilə qurğuşun sulfid konsentratının alınmasına, həmçinin bir sıra ikili və üçlü birləşmənin su mühitində sintez şəraitinin öyrənilməsinə, qara qurğuşunun alınmasına və digər məsələlərin tədqiqinə həsr olunub.

Tədbirdə Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və Əhməd Qarayev çıxış edərək yeni nəşrlərin elmi işçi və ali məktəb tələbələri üçün faydasından danışıblar.

Sonda müəlliflər tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.