www.science.az
11.07.2017 14:13

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

İyulun 11-də AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə  üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib.

Elmi-təşkilati məsələlərdən ilk olaraq HEB-in yeni tərkibi müzakirə edilib. Bölmənin yeni tərkibinin təsdiqi və büro üzvlərinin təyin olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Gündəlikdə yer alan növbəti məsələ HEB-ə daxil olan elmi müəssisələrin 2017-ci ilin I yarımil­li­yin­də­ki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında olub.

Hesabat məruzəsi ilə çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli cari ilin ilk altı ayı ərzində elmi müəssisələrdə görülmüş elmi və elmi-təşkilati işlərdən bəhs edib. Bildirib ki, institut və elmi təşkilatların ilk yarımilə dair hesabatları bölməyə təqdim olunub. T.Kərimli altı ay ərzində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, həmçinin AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasından danışıb. Akademik elmi-tədqiqatlar, respublika və beynəlxalq səviyyəli tədbirlər, elmlə təhsilin qarşılıqlı əlaqəsi, kadr potensialı və elmi kadrların hazırlanması, nəşriyyat fəaliyyəti, magistrantlarla işin həyata keçirilməsi, bölmənin beynəlxalq əlaqələri və digər işlər haqqında geniş məlumat verib.

Hesabat dinlənilib müzakirə edildikdən sonra bölmənin qərarı ilə təsdiq olunub.

Tədbirdə ƏdəbiyyatDilçilik institutlarının Elmi şuralarının tərkiblərində də­yi­şik­lik edilməsi, həmçinin Ədəbiyyat və Əlyazmalar institutlarının bir neçə doktorant və dissertantına təhsillərində möhlət verilməsi haqqında qərarlar qəbul olunub.

Sonda cari məsələyə baxılıb.

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinin qeyd olunması haqqında müzakirələr aparılıb. Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilməsi, həmçinin alimə Fəxri fərman verilməsi barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.