www.science.az
04.03.2014 00:00

Onun fəth etdiyi zirvələr insanlığın, özünəinamın və xalis ziyalılığın qələbəsidir

O, ruhən çox gəncdir, müasir təfəkkürə malikdir, innovativ düşünür və çox nəcibdir. Yaşadığı ağır itkilər onu əymədi, həyata ümidlə baxan insan bütün acıların intiqamını sonrakı çətinliklərin üzərində köklədi. Həyatla əzmkar mübarizəsi onu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10-cu prezidenti və ölkədə elmin lideri zirvəsinə yüksəltdi. Hazırda minlərlə elm adamı onu çətin durumda olan elmimizin xilaskarı kimi görmək ümidi bəsləyir. Onun elmə xidməti əməkdar elm xadimi və Azərbaycan Dövlət Mükafatı laureatı adları, “Şöhrət” və “Şərəf” ordenləri ilə də qiymətləndirilib. O, görkəmli akademik Akif Ağamehdi oğlu Əlizadədir.

Bu il fevralın 25-də onun 80 yaşı tamam oldu. Akif müəllim Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub. Əslən pirşağılı olan bu məşhur azərbaycanlı ailənin genetik kökləri respublikanın bir çox görkəmli şəxslərindən ibarət şəcərəyə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadəni və başqalarını göstərmək olar.

A.Əlizadə orta məktəbi gümüş medalla bitirərək müsabiqəsiz Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. İnstitut onun həmişəlik fəaliyyət məkanına çevrilib. Çox gənc yaşında elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edib. A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası (AEA) sistemində ən cavan direktor müavini olub. 1970-ci ildə institutun direktor müavini təyin edilən akademik, 1976-cı ildə indiyəcən elmi müəssisənin direktorudur. 1980-ci ildə Akademiyanın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. 2007-ci ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə layiq görülüb.

 

Yubiley ərəfəsində akademikin həyatı və elmi yaradıcılığı haqqında onu çoxdan tanıyan qocaman həmkarları, dostları geniş yazmaqdadırlar. Böyük alimin xalqa xidməti geniş oxucu kütləsinin diqqətinə çatdırılır. Mənsə cəmi 10 ildir A.Əlizadənin tabeçiliyində çalışıram. Bu əlamətdar gündə 2004-cü ilin fevralında Geologiya İnstitutunda işə qəbul olunmağımı xatırlayıram. O vaxt Akif müəllimin təşəbbüsü ilə yenicə təşkil olunmuş İctimaiyyətlə əlaqələr şöbəsində fəaliyyətə başlamışam. Akademiyaya Azərbaycan jurnalistikasının “Xalq qəzeti” məktəbindən çıxıb gəlmişdim. Burada elmin araşdırıcı və məsuliyyətli dəst-xətti, xüsusən də Akif Əlizadə qələmində daşınan obyektivlik, təvazökarlıq, dəqiqlik və nəciblik mənim üçün qələm sahəsində daha böyük və önəmli məktəb oldu. Akif müəllimin bu yaşda müxtəlif mövzulara çevik reaksiya bacarığı, müasir dövrün tələblərini qəbul və tətbiq etmək həvəsi, işdə və rəftarda səliqə-səhmana olan diqqəti, həmçinin təşəbbüskarlığına qibtə edirəm. O, gəncləri sevir, gənclikdən enerji alıb onlar üçün çalışır. Onun keşməkeşli həyat yolu və uğurları hər bir gənc üçün ibrətamiz nümunədir. Fəth etdiyi zirvələr insanlığın, özünəinamın və xalis ziyalılığın qələbəsidir. Azərbaycan elminə və onun lideri A.Əlizadəyə xidmət etməklə məşğul olduğum sənətdən zövq alıram. Hörmətli akademiki 80 yaşının tamam olması münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür və Azərbaycan elminin inkişafı yolunda yeni nailiyyətlər arzulayıram.


Səid Hüseynov,

AMEA Rəyasət Heyəti

Mərkəzi Aparatının

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

www.kaspi.az